Avropa İttifaqı Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketi çərçivəsində 11 kriptovalyuta platformasında əməliyyatların qadağan edilməsini nəzərdə tutur.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib.
Onun sözlərinə görə, yeni sanksiyalar paketi yalnız maliyyə sektorunu deyil, həm də Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli fəaliyyətləri əhatə edəcək. Məhdudiyyətlər siyahısına banklar, silah istehsalçıları, neft ticarəti ilə məşğul olan şirkətlər, neft emalı zavodları və üçüncü ölkələrdə fəaliyyət göstərən kriptooperatorlar da daxil ediləcək.
Kallas bildirib ki, Avropa İttifaqı Rusiyanın hərbi-sənaye kompleksinə dəstək göstərən şirkətləri də hədəfə alır. Onun açıqladığı məlumata əsasən, yeni sanksiyalar paketində pilotsuz uçuş aparatları istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox şirkətə qarşı tədbirlər nəzərdə tutulur.
Bununla yanaşı, ixrac nəzarəti tədbirləri daha da genişləndiriləcək. Yeni məhdudiyyətlər ümumilikdə 50 şirkəti əhatə edəcək. Həmin şirkətlər arasında Çin, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanda yerləşən müəssisələr də var.
Yeni paket çərçivəsində avtomobil ehtiyat hissələri, qiymətli metallar və kimyəvi məhsullar daxil olmaqla bir sıra yeni məhsulların idxalına əlavə məhdudiyyətlər tətbiq olunacaq. Ümumi dəyəri 60 milyon avrodan artıq olan məhsulların Avropa bazarına idxalına qadağa qoyulması planlaşdırılır.