09 iyun 2026 17:32
147

"Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində memarlıq, şəhərsalma və milli dəyərlər” - FOTO

Bu mövzuda birgə tədbir keçirilib

İyunun 9-da AMEA Azad Həmkarlar İttifaqı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, AMEA Memarlıq və İncəsənət İnstitutu və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətində memarlıq, şəhərsalma və milli dəyərlər” mövzusunda tədbir keçirilib.

“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli Sərəncamına əsasən təşkil edilən və Bakı Fotoqrafiya evində baş tutan tədbirdə əvvəlcə AMEA əməkdaşlarının rəsm əsərləri sərgilənib.

Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirova - Mustafayeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi Mədəni Mərkəzinin direktoru, Elm şöbəsinin müdiri, tarix elmləri doktoru Vəfa Quliyeva,  AMEA Folklor İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, AMEA Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçiləri, memarlıq üzrə fəlsəfə doktorları, dosentlər Sevinc Tangudur və Rizvan Babaşov, AMEA Folklor İnstitutunun “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Həmkarlar Təşkilatının sədri Aynur İbrahimova və rəsm əsərlərinin müəllifləri iştirak etmişlər.

Tədbiri açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi Mədəni Mərkəzinin direktoru, Elm şöbəsinin müdiri, tarix elmləri doktoru Vəfa Quliyeva tarixi memarlıq irsimizin həm elmi tədqiqatlar, həm də rəsm əsərləri vasitəsilə təbliğ edilməsinin böyük əhəmiyyətinə diqqət çəkib.

Tədbirdə açılış nitqi ilə çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin həm mədəni, həm də siyasi baxımdan tarixi əhəmiyyət daşıdığını önə çəkərək bildirdi ki, “Dövlət başçısının bu Sərəncamı Azərbaycan cəmiyyəti və dünya üçün çox mühüm mesajlar ehtiva edir. Şəhərsalma və memarlıq sadəcə binaların inşası deyil, bütövlükdə cəmiyyətin davamlı inkişafı, sülh və tərəqqi ilə birbaşa bağlı olan geniş bir mədəniyyətdir. Şəhərlərin böyüməsi və müasirləşməsi həyatın özünün inkişaf dinamikasını əks etdirir”.

Alim vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində memarlıq və şəhərsalma məsələlərini müzakirə edərkən ilk növbədə Ulu Öndərin bu sahəyə olan sonsuz sevgisini və peşəkar baxışını qeyd etməliyik: “Bildiyiniz kimi, Heydər Əliyev gənclik illərində memarlıq təhsili almağa başlayıb, lakin İkinci Dünya Müharibəsi onun bu sahədəki təhsilini yarımçıq qoyub. Buna baxmayaraq, memarlıq sənətinə olan sonsuz məhəbbətini o, bütün həyatı boyu qəlbində yaşadıb və fəaliyyətində rəhbər tutub. Müsair Azərbaycanın memarı olan Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövr ölkəmizdə memarlığın intibah dövrü kimi tarixə düşüb. Məhz həmin illərdə ölkəmizin şəhərsalma və memarlıq sahəsində qazandığı böyük uğurların, əldə olunan tarixi nailiyyətlərin fundamental təməl daşı qoyulub. Bu tarixi irs, bu gün də Azərbaycan memarlığının güc mənbəyidir.”

Sonra çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edərək, yaradıcılığın təməlində Vətən sevgisinin dayandığını iştirakçıların diqqətinə çatdırmış və bildirmişdir ki, “Bu möhtəşəm rəsm əsərlərini və layihələri ərsəyə gətirmək üçün ilk növbədə müəlliflərin qəlbində dövlətimizə, tariximizə və milli dəyərlərimizə qarşı böyük bir sevgi olmalıdır”. Bu sevgi özlüyündə həm də yüksək ləyaqət rəmzidir. Hər bir əməkdaşımızın bu müştərək işdə nümayiş etdirdiyi fədakarlıq bizim üçün çox dəyərlidir. Tədbirin ortaq təşkilatçısı olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə və burada əməyi keçən hər bir həmkarımıza bu gözəl təşəbbüsə verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu əməkdaşlıq gələcək birgə layihələrimiz üçün həm mükəmməl bir platforma, həm də mühüm bir təcrübədir”.

Sənan Həsənov AMEA-nın Azad Həmkarlar İttifaqının alim və mütəxəssislərin hüquqlarını qorumaqla yanaşı, həm də onların yaradıcı və elmi potensialını cəmiyyətə təqdim edən böyük bir təsisat olduğunu deyib. Təşkilatın  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Akademiyada il boyu fəliyyətin önəmli bir parçası olaraq, bu cür tədbirləri davamlı təşkil etdiyini bildirib.

Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində memarlıq və şəhərsalma ideyaları ən yüksək dəyərlərdən biridir. Biz bu irsi nə qədər dərindən tədqiq etsək də, hər dəfə yeni-yeni elmi məqamlar kəşf edirik. Bu baxımdan, Akademiyanın cəmiyyətdəki rolu və yeri tamamilə aydındır. Bu gün AMEA-nın ziyalıları dövlətimizin çağırışlarına ən yüksək səviyyədə cavab verir, aktual tədqiqatları ilə ölkəmizin inkişafına mühüm töhfələr bəxş edirlər.

Tədbirdə AMEA Folklor İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, İnstitutun “Cənubi Azərbaycan Folkloru” şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova, Həmkarlar Təşkilatının sədri Aynur İbrahimova, AMEA Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Tangudur, “Memarlıq tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Babaşov və rəsm əsərlərinin müəllifləri çıxış edərək, memarlıq elementlərinin, şəhərsalma mədəniyyətinin və xalq folklorunun milli kimliyin formalaşmasındakı mühüm rolunu vurğulamaqla, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin bu sahələrin inkişafına verdiyi böyük təkan və tarixi töhfələrə diqqət çəkiblər.

Tədbir çərçivəsində sərgidə fırça və rənglərin dili ilə tarix və müasirliyin vəhdəti Xəzər Zeynalovun “İlk çərşənbə”, Rizvan Babaşovun (Qarabağlı) “Əcəmi Naxçıvani”, Aysel Talıbovanın “Tariximizin keşiyində”, “Memarlıq. Təzadlar”, “Şuşa”, Rüsxarə Əlizadənin “Elmin inkişafı”, Oksana Məmmədovanın “İşğaldan azad edilmiş abidələrimiz”, “Narın sirri”, “Yaddaşın naxışları-tarixin izləri”, Leyla Məmmədkərimovanın “Qarabağın səsi” Səyyad Bayramovun “İçərişəhər”, Vəfa Əliyevanın “İnkişaf” və digər rəsm əsərləri ilə nümyiş olunub.

Tədbir iştirakçılar arasında maraqlı diskussiya ilə davam etmiş, sonda xatirə şəkilləri çəkilmişdir.