07 fevral 2019 10:57
131

7 kənddə modul tipli məktəb binaları quraşdırılır

Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Belə ki, respulikamızda müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir.

Son 15 ildə ölkəmizdə dövlət tərəfindən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 3272 məktəb binası tikilib və əsaslı təmir olunub. İnfrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən bu məktəblərin 90 faizindən çoxu regionların payına düşüb. Ekspertlərin fikrincə, dünyanın heç yerində belə bir qısa zaman kəsiyində bu qədər məktəb inşa edilməyib. Üstəlik, həmin məktəblərin hər biri  müasir tenologiyalarla, yeni tədris avadanlıqları və ləvazimatlarla təchiz olunub. Prezident İlham Əliyev demişdir ki, ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir: “Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz”.

Quba rayonunda da məktəb tikintisi və təmiri, eləcə də mövcud məktəblərin maddi-texniki bazalarının günün tələbləri səviyyəsinə uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb. Belə ki,  2005-ci ilən indiyə kimi rayonda 70-ə yaxın yeni məktəb binası istifadəyə verilib. Hazırda rayonun 7 kəndində - Nütəh, Qarxun, Çarxaçu, Dərk, Cimi, Rük və Zıxırda modul tipli məktəb binaları quraşdırılır. Onlar yaxın vaxtlarda istifadəyə veriləcək. Rayonun Alekseyevka kəndində isə yeni məktəb binası inşa olunur.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  ölkəmizdə təhsil sisteminin inkişafına da böyük önəm verdiklərini vurğulayan Alekseyevka kənd tam orta məktəbinin direktoru İsa Əlixanlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hazırda inşa olunan məktəbimiz də bunun sübutudur: “Hazırda məktəbimizdə 840 şagird təhsil alır. Halbuki 1950-ci illərdə inşa olunmuş bu tədris ocağı 240 şagird yerlikdir. Uzun illər idi ki, məktəbimizin pedaqoji kollektivi, kənd sakinləri kənddə yeni məktəb binasının tikintisi ilə bağlı əlaqədar təşkilatlara müraciətlər etsələr də onların sorğusu, xahişi cavabsız qalırdı. Nəhayət, ötən il oktyabr ayının 11-də Prezident İlham Əliyevin Qubaya səfəri çərçivəsində bu məsələ həllini tapdı. Belə ki, elə həmin gün ölkə başçısı “Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı və həmin sənədə əsasən, Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi üçün ilkin olaraq Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrıldı. Qısa müddətdə layihələndirmə işləri başa çatdırıldı, məktəbin tikintisinə başlanıldı. Şəxsən mən bunu  rayonumuzun təhsilinə göstərilən dövlət qayğısının daha bir parlaq təzahürü kimi dəyərləndirirəm. Bunu Quba rayonunda təhsilin inkişafına növbəti töhfə də adlandırmaq olar”.

Bu diqqət və qayğıya görə ölkə Prezidentinə kənd sakinləri, eləcə də pedaqoji kollektiv adından minnətdarlığını bildirən məktəb direktoru qeyd etdi ki, onun rəhbərlik etdiyi təhsil ocağında 50 ildən çoxdur ki, rus və Azərbaycan bölmələri fəaliyyət göstərir: “Ötən tədris ilində bu məktəbin  məzunundan 16 nəfəri ölkəmizin müxtəlif ali təhsil ocaqlarına qəbul olunub”.  O, həmçinin bir faktı da diqqətə çatdırdı: “150 nəfərdən çox məktəbli darısqallıq üzündən rayonumuzun  başqa məktəblərində təhsil alır. Bu yeni məktəb binası onları da öz qoynuna alacaq”.

Qeyd edək ki, podratçı təşkilat - “UNİKO” MMC obyektdə inşaat işlərini vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün bütün imkanlardan istifadə edir. Hazırda burada 60 nəfərə yaxın inşaatçı çalışır. Üçmərtəbəli məktəb binasında 40 sinif otağı, 6 laboratoriya, bağlı idman zalı, 540 yerlik akt zalı, 234 yerlik yeməkxana, 2 kompyuter otağı, ehtiyat su anbarları, istilik sistemi üçün qazanxana və s. inşa olunacaq. Artıq binanın zirzəmisinin tikintisi başa çatdırılıb. Yer səthindən 1,5 metr hündürlükdə olan zirzəmi fövqəladə hallar üçün nəzərdə tutulub.

Qvami Məhəbbətoğlu, “İki sahil”