31 yanvar 2019 10:51
156

7 min ailə özünüməşğulluq proqramına cəlb olunacaq

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb.

Ölkə başçısının  islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. Beynəlxalq biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc edilən hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların daim diqqət mərkəzində saxlanılır. Ardıcıllıqla həyata keçirilən islahatlar nəticəsində ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro iqtisadi sahələr inkişaf etdirilir. Sadələşdirilmiş vergi 4 faizdən 2 faizə enib.

Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı əsasında “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması dövlət xidmətlərinin geniş bir spektrinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir.

Bu baxımdan dövlət başçısının müvafiq Sərəncamına əsasən, ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqramın məqsədi aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdır.

Ötən il özünüməşğulluq proqramına 1200 nəfər cəlb olunub. Bu il rəqəm dəfələrlə artaraq 7 minədək işsiz və işaxtaran vətəndaşın proqrama cəlb olunması nəzərdə tutulub. Artıq özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Onlardan təlim kursunu bitirən və qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin hər biri mal və materiallarla təmin olunub, kiçik ailə bizneslərinin yaradılması üçün ciddi  köməklik edilib. Ölkə başçısının tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi istiqamətində ciddi addımlar atılıb. Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları üzrə başlanılması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daha güclənməsinə ciddi stimul verib.

Özünüməşğulluq proqramının icrası istiqamətində qarşıya qoyulan tapşırıqların icrası uğurla davam etdirilir. Cari ildə 7 min ailə bu proqramla əhatə olunacaq. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib ki, bu il 7 min ailə bu proqramla əhatə olunacaq, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklər: “Ailə Biznesinə Asan Dəstək- “ABAD” mərkəzləri yaradılır. Bu da çox müsbət haldır. Mən bu mərkəzlərin açılışında olmuşam və bu, “ASAN xidmət”in bir qoludur və çox müsbət təşəbbüsdür. Ailə biznesi bir istiqamət kimi Azərbaycanda, hesab edirəm ki, geniş vüsət ala bilər və almalıdır. Dövlət öz dəstəyini mütləq göstərir və göstərəcək. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu il 5 mərkəzin açılması nəzərdə tutulur”.

Zahid Rza, “İki sahil”