08 iyun 2018 22:42
1513

Nazir yeni səfir ilə görüşüb

Rusiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə səfir Mixail Boçarnikov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov səfiri təyinatı münasibətilə təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Mixail Boçarnikov Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə olunub. Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. İkitərəfli əlaqələrin inkişafında regionlararası əməkdaşlığın xüsusi rol oynadığı qeyd olunub.

Söhbət əsnasında, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.