KÖŞƏ

Taleh Bağırov

AŞPA-da islamofob qüvvələr “fəallaşıb”

29 aprel 2017 00:21
2678

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) qardaş Türkiyə Cumhuriyyətinin yenidən monitorinq altına alınması ilə bağlı heç bir əsası olmayan qərəzli qətnamə qəbul edib. “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsinin müzakirəsi zamanı sessiyada iştirak edən 170 deputatdan 113-ü qərarın lehinə, 45-i əleyhinə səs verib, 12 deputat isə nədənsə bitərəf qalıb. Yazımızın əsas məğzinə keçməzdən əvvəl bildirək ki, Avropa Şurasının yaradıcılarından olan Türkiyə 1996-2004-cü illərdə monitorinq altında olub və 2004-cü ildən post monitorinq dövrünə qəbul edilib. Aprelin 25-də qəbul edilən qərar isə Avropa tarixində bir ilk oldu. Türkiyə yeganə Avropa ölkəsidir ki, ikinci dəfə monitorinq mərhələsinə geri qaytarılır. Elə təkcə bu faktın özü çox şeydən xəbər verir.

Sirr deyil ki, hazırda AŞPA-da islamofob qüvvələr öz mövqelərini möhkəmləndiriblər. Erməni lobbisi ilə işbirliyində olan həmin qüvvələr var gücləri ilə qurumun daxilində Türkiyə əleyhinə təbliğat apararaq qardaş ölkənin əleyhinə qərarlar qəbul olunmasına çalışırlar. Şübhəsiz ki, bunun səbəbi demokratiya təəssübkeşliyi yox, “səlib yürüşçüləri”nin törəmələri olan bu rasist, irqçi qüvvələrin Türkiyənin  gündən-günə qüdrətlənməsini həzm edə bilməmələridir. Ona görə ki, 1299-cu ildə Anadolunun Sögüt kəndində başlayan və 600 il üç qitəni ədalətlə idarə edən Osmanlıların xələfi sayılan Türkiyə Cümhuriyyəti çağdaş dünyamızın ən qüdrətli dövlətlərindən birinə çevrilməkdədir.  Danılmaz faktdır ki, Türkiyə bu gün bir çox sahələrdə-hərbi sənayedə, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında, turizmdə dünyanın müxtəlif güc mərkəzləri ilə rəqabət aparmaq iddiasını müvəffəqiyyətlə reallaşdırır.

 Avropalılar yaxşı bilirlər ki, Fateh Sultan Mehmedin, Sultan Süleyman Qanuninin , İldırım Bəyazidin nəvə-nəticələri bu torpaqlarda olduqları müddətdə Yaxın Şərqə dair mənfur planlarını reallaşdıra bilməyəcəklər. Elə buna görədir ki, qardaş ölkənin  milliyyətçi kəsimi, rasional düşüncəli müxalifət liderləri də Prezident Rəcəb Tayyib Ərdoğana dəstək olaraq AŞPA-nın siyasi məqsədlərlə qəbul edilən ədalətsiz, qərəzli qətnaməsinə öz etirazlarını bildiriblər.   

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın qərarına münasibət bildirərkən Ankaranın Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə yenidən baxacağını bildirib: “Türkiyə Xarici İşlər Nazirliyi bu qərarı siyasi motivlərə əsaslandığı üçün ədalətsiz hesab edir. Bu addım əməkdaşlıq və dialoq ruhuna tamamilə ziddir və yaranmış vəziyyət Türkiyəni AŞPA ilə münasibətlərə yenidən baxmağa məcbur edir. Bizi buna onlar məcbur edir”.

Türkiyənin Baş naziri Binəli Yıldırım isə AŞPA-nın yalnış qərar verdiyini açıqlayıb: “Gün gələcək ki, onlar da verdikləri qərarın yalnış olduğu qənaətinə gələcəklər. Bunun nəticələri olacaq, hökumət olaraq təhlillərimizi edəcəyik və atmamız lazım olan addımları atacağıq”.

AŞPA-nın qərarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibəti daha sərt olub. O, konkret olaraq belə bir qərarı tanımadığını bəyan edib: “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarı tamamilə siyasi mahiyyət daşıyır və biz belə bir qərarı tanımırıq. İstədikləri qədər belə qərar qəbul edə bilərlər”.