KÖŞƏ

Taleh Bağırov

Əli Kərimlinin antimilli dairələrlə iş birliyi təsdiqlənir

05 iyun 2017 23:32
4126

Məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycandakı dağıdıcı müxalifəti dəstəkləyən xarici qüvvələrdən bəzilərinin Gürcüstanda yerləşməsi xəbəri yayılmışdı. Azərbaycandakı dağıdıcı müxalifət təmsilçiləri belə qüvvələrlə heç bir əlaqələrinin olmadığını bəyan etsələr də, sonrakı hadisələr bunun əksini sübut etməkdədir. Xarici antimilli qüvvələrlə iş birliyini hər zaman qətiyyətlə təkzib edən AXCP sədri Əli Kərimlinin müavini Gözəl Bayramlı bu məsələdə necə deyərlər, süç üstü yaxalandı.  

Belə ki, Gürcüstanda sözügedən xəbərlərin yayıldığı ərəfədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanılması ilə bağlı rəsmi məlumat yaydı. Məlumatda bildirilirdi ki, Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən, Qazax rayonunun Şıxlı sərhəd nəzarət- buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Saxlanılmasına səbəb isə onun özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən əvvəlcədən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaitinin aşkarlanması olub. Hazırda məsələ ilə bağlı hüquqi prosedurlar həyata keçirilir. Təbii ki, məbləğin mənbəyi və mənsəbi ətraflı araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Amma hazırda bizi maraqlandıran hüquqi prosedur deyil, AXCP-nin antimilli ünsürlərlə tutduğu iş birliyi yoludur.

Əslinə qalsa AXCP funksionerinin belə bir cinayətdə iştirak etməsi heç kimdə təəccüb doğurmayıb. Çünki AXCP üzvləri ilə bağlı bu, birinci fakt deyil və G.Bayramlının gömrükdən bəyan edilməmiş külli miqdarda pul vəsaitini keçirmək cəhdi sıradan “cəbhəçi” cinayətlərinin tərkib hissəsidir.

Təbii ki, hər zaman olduğu kimi, bu məsələdə də “cəbhəçi”lər G. Bayramlını müdafiə edərək dövlət qurumlarına da böhtan atmaqdan çəkinməyiblər. Daha anlamırlar ki, Azərbaycan xalqı yaxşı bilir ki, Ə.Kərimli ömrü boyu düşmən dəyirmanına su tökməklə Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxıb. Çox ehtimal ki, bu dəfə də eyni ssenariyə hazırlıq aparılırdı. Lakin fakt odur ki, ölkəmizə qarşı daha bir təxribat cəhdinə hazırlığın qarşısı alındı. Görək qarşıdakı müddətdə Əli Kərimli hansı yollara “əl atacaq”.