06 fevral 2016 00:11
1874

Filarmoniyada Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert

Fevralın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, görkəmli alim, pedaqoq, ictimai xadim, SSRİ Xalq Artisti Qara Qarayevin anadan olmasının 98 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə Qara Qarayev, Fərəc Qarayev və Dmitri Şostakoviçin əsərləri səsləndirilib. Əsərləri Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edib.

Konsertdə solist kimi beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc skripkaçı Elvin Qəniyev çıxış edib.

Qeyd edib ki, Qara Qarayevin Azərbaycan mədəniyyətinə XX əsrin ortalardan başlayaraq musiqi dili ilə gətirdiyi yeniliklər onu dünya səviyyəsinə qaldıraraq bəşəriyyətin ən öndə gedən inciləri sırasına çıxartdı. Gənc yaşlarından istedadının gücünə güvənərək dünya səviyyəli bəstəkarlarla tərəfdaşlıq edən, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahilərdən dərs almış Qara Qarayev böyük bir musiqi məktəbi ənənəsinin əsasını qoyub. Onun yaratdığı musiqi məktəb bu gün də öz ənənəsinə sadiqdir.