07 sentyabr 2020 17:44
5385

Xeyirxahlıq simvolu könüllülər və şərə xidmət edən «könüllülər»

Ermənistanın formalaşdırdığı  muzdlu dəstələr, baş nazir Paşinyanın həyat yoldaşı Anna Akopyanın silahlı fotoları və «sülh təşəbbüsləri» terrora çağırış, faşizmə  dəstəkdir

 

Xalqımızın əsrlərdən bəri yaşadılan mənəvi dəyərləri arasında  xeyirxahlıq, mərhəmət, başqalarına yardım kimi insani keyfiyyətlər bütün səviyyələrdə özünü göstərir. Xeyirxahlıq elə bir  qiymətli, əvəzsiz, vicdani borc, nemətdir ki, o, nə qanunla tənzimlənir,  nə də kimlərinsə  göstərişi ilə  yerinə yetirilir. Bu xeyirxah əməldə əsas meyar könüllülükdür.  Zamanla fərdi  keyfiyyətdən ictimai borca çevrilən bu mənəvi dəyər  sosial həyatımızın gündəlik tələbatı kimi təsdiqlənib.

 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarla görüşündə  standartları  Azərbaycanda yazılan bu yarışları xalqları birləşdirən həmrəylik bayramı adlandıran Prezident İlham Əliyev ilk dəfə ölkəmizdə  həyata keçirilən könüllülər hərəkatını da yüksək qiymətləndirmişdir: «Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var… İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu Oyunlardan sonra əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, bizim könüllülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər.»

 Prezident İlham Əliyevin Sərəncamı ilə  2020-ci ilin Azərbaycanda «Könüllülər ili»  elan olunması  gənclərə diqqətin ifadəsi olmaqla, xalqımızın başqalarına nümunə olan   milli dəyərlərinin əbədiyaşarlığını da  göstərir. Cari ilin iyul ayında  Ermənistanın dövlət sərhədimizin  Tovuz istiqamətində  törətdiyi təxribatlara cavab olaraq 50 mindən yuxarı  gəncin Dağlıq Qarabağın işğaldan azad olunması üçün  ordu sıralarına yazılması  könüllülük hərəkatı ilə vətənpərvərlik  hisslərinin vəhdətindən yaranan Vətənə sədaqət andının ifadəsi idi.  İndi dövlət strukturlarında belə könüllülərin sayı yüzlərlədir.

Azərbaycanın Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında  yer alması,   müdafiə qüdrətinin gücləndirilməsi üçün əlavə vəsaitlərin ayrılması, əsgərlərin döyüş hazırlığı,  yüksək əhval-ruhiyyəsi  xalqımızın qələbə əzmini artırır. Azərbaycanın hərbi qüdrətinin işğalçı ölkədən üstün olmasını Ermənistanın hərbi ekspertlərinin, deputatlarının da etiraf etmələri, əsgər analarının övladlarının  qondarma rejim olan «Dağlıq Qarabağ respublikası»ndakı döyüşlərdə iştirakına etiraz etmələri hərbi hissələri boşalan Ermənistanı daha miskin vəziyyətə salıb.    Rusiyanın 102-ci bazası hesabına  təhlükəsizliyini qoruyan, havadarlarından aldığı  hərbi sursat, avadanlıq, texnika ilə özünü döyüşə hazır hesab edib, «əlavə ərazi qoparmaq» iddiasında  olan,  son  çarə kimi  guya  «konüllülər»dən ibarət dəstə «formalaşdıran»,  xarici ölkələrdən muzdlu döyüşçülər gətirən  Nikol Paşinyanın  bu  gedişləri də onu məğlubiyyətdən xilas etməyəcək. Yəni, insanlıq naminə təşəbbüsə qoşulan, başqalarına dəstək göstərən Azərbaycanın könüllülərindən fərqli olaraq  Paşinyanın « könüllüləri»nə terrorçu, qatil adı daha çox yaraşır.  Həmin  «könüllülər»  cəbhə bölgəsində gedən döyüşlərdə iştirak, azərbaycanlı hərbçiləri, mülki əhalini qətlə yetirmək üçün hazırlanır. Əsgəri xidmət üçün  çağırışçı tapa bilməyən  Paşinyanın «könüllülük» təşəbbüsünün  nə ilə nəticələnəcəyi   hələ bəlli deyil.  Özünə inamsızlıqdan  yaranan bu isterikanı «döyüşə qocalar gedir» adlandırmaq daha məqsədəuyğun olardı. Çünki demoqrafik  vəziyyəti  acınacaqlı olan Ermənistanın  hərbi xidmətə yararlı gəncləri  ölkəni tərk edir. Tarixləri,  keçmişləri bəlli olmayan, köçəri həyat keçirən ermənilərin özlərinə məxsus əraziləri olmayıb. Bu baxımdan «Vətən» məfhumundan, torpaq sevgisindən məhrum ermənilər üçün  yaşadıqları, xoş gün gördükləri yerlər onlar üçün elə vətəndir.   

Paşinyanın «könüllülük»  əməlinin daha bir nümunəsi  həyat yoldaşı Anna Akopyanın nümunə kimi «silaha sarılaraq» işğalçı ölkənin  qadınlarını  belə «Dağlıq Qarabağ  uğrunda»  döyüşlərə sövq etməsidir. Müxtəlif  mətbu orqanlarında  yayımlanan Anna Akopyanın silahlı  fotosu sülh, ədalət, xeyirxahlıq rəmzi olan qadın,  ana adına ləkədir. Azərbaycanın işğal olunmuş ərazilərində  Paşinyanın  həyat yoldaşının bu  əməllərinin tənqid olunduğu İtaliya mətbuatında dərc olunmuş «Akopyan erməni qadınlarını mülki azərbaycanlılara qarşı  hücuma  hazırlayır» adlı yazı   Ermənistanın  işğalçılıq siyasətini tənqiq edən məqalələrdən  yalnız biridir.  Amma bütün dünya ictimaiyyəti kimi Ermənistanı dəstəkləyən dairələrə də aydındır ki,  yeni təxribatlara çağırış olan belə  «nümunələr» sonda  işğalçının özünün rüsvayçılığı, məğlubiyyəti ilə  nəticələnib.

  Bəzi  məqamları xatırlatmaqla Anna Akopyanın  da həyat yoldaşı Nikol kimi faşizmə xidmət etdiyini aydın  görmək olar.   

...2018-ci ildə Paşinyanın xanımı Anna Akopyanın dəvəti ilə  Rusiyanın  qadınlardan ibarət heyəti «Qadınlar sülhün tərəfdarıdır”» adlı tədbirdə iştirak etmək üçün  Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmişdilər. Sonra  həmin heyətin üzvləri  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanına  məktub göndərərək təşəbbüsün dəstəkləməsini və sülhyaratma ideyasını məntiqli sona çatdırmaq üçün  nümayəndə heyətinin Azərbaycana səfərinin  təşkil olunmasını xahiş etmişdilər.

  Qeyd edək ki,  xeyirxah təşəbbüslərin dəstəklənməsi,  humanitar tədbirlərin keçirilməsi sahəsində Azərbaycanın zəngin təcrübəsi bütün dünya ictimaiyyətinə bəllidir və geniş miqyasda dəstəklənir, nümunə göstərilir. İllərdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinin həllində   ədalətin, beynəlxalq hüquq normalarının qorunmasına, işğala məruz qalsa  belə münaqişənin danışıqlar yolu ilə həllinə çalışan  Azərbaycanın sadiq qaldığı prinsiplər beynəlxalq səviyyədə  dəstəklənir. Rusiyalı qadınlara  cavab məktubunda  Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri,  Ermənistanın təcavüzkarlıq siyasətinin regionda sabitlik üçün törətdiyi fəsadları,  ermənilərin əsrlərdən bəri etnik təmizləmə siyasətindən əziyyət çəkən  azərbaycanlılara qarşı  vəhşilikləri  tarixi həqiqətlərin dili ilə  çatdıran Leyla Əliyeva  tarixçi,  siyasətçi kimi bildirdi ki,  humanitar platforma, dialoq məkanı kimi tanınan   ölkəmiz səmərəli danışıqlar üçün hər zaman açıq tribunadır. Bu şərtlə ki,  müzakirələr birtərəfli  mövqeyə deyil, həqiqətə,  reallığa əsaslansın, regionda  əmin-amanlığa xidmət etsin. «Biz sülh istəyirik! Biz düşmənçilik edən tərəflərdən xahiş edirik, XXI əsrdə bizim qardaşlarımızın, oğullarımızın, nəvələrimizin müharibədə daha həlak olmamaları üçün nə mümkündürsə etsinlər» söyləyən, işğalçı ilə işğala məruz qalanları «düşmənçilik edən tərəf» adlandıran rusiyalı qadınların  münaqişəyə birtərəfli yanaşma tərzi  «sülhyaratma missiyasının» mahiyyətinə uyğun deyildi.  Əvvəla, rusiyalı qadınların qondarma   «Dağlıq Qarabağ respublikası»na  səfəri beynəlxalq səviyyədə təsdiqlənən  Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin pozulması idi.  Özlərini ziyalı adlandıranlar   bu barədə  müfəssəl olmasa da,  sərhədlərin toxunulmazlığı ilə bağlı  beynəlxalq hüququn tələblərindən  xəbərdar olmalı idilər. Ən azından Xocalı soyqırımında ermənilərin qətlə yetirdikləri 613 günahsız  azərbaycanlının ruhuna hörmət etməli idilər. Nəzərə alaq ki,  «sülh  carçıları hesab edilən bu ziyalı qadınlar»  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri  olan bir ölkəni təmsil edirdilər. Belə yerdə  «üzrü günahından betər» məsəli  yada düşür.

 Maraqlıdır, iki il bundan əvvəl «sülh çağırışı»na qoşularaq  Azərbaycanın işğal olunmuş ərazilərində  «istirahət edən» həmin ziyalı qadınlar Anna Akopyanın hərbi mundirinə, əlindəki silaha nə ad verərdilər? Yenədəmi «sülh tərəfdarı» kimi,  özlərinin ifadəsi ilə deyilsə «düşmən tərəfləri» barışığa çağırmağa  sözləri olardımı?  Ermənistanın Azərbaycana qarşı döyüşə hazırlanan «könüllülər»ini sülhə dəstək təşəbbüsü adlandırmağa vicdanları yol verərdimi? Bundan əlavə,  Rusiyanın forpostu Ermənistana davamlı olaraq silah-sursat yardımına,  işğalçını açıq-aşkar silahlandırmasına necə münasibət bəsləyərdilər? Axı,  Anna Akopyanın əlində tutduğu və Azərbaycana yönəltdiyi avtomat da   Rusiyadan Ermənistana verilən   çoxsaylı silahlardandır.

 Yəni  könüllülər hərəkatı,  «sülhə çağırış» təşəbbüsləri o zaman dəyərli,  humanist olur ki,  həqiqətən xeyirxahlığa, bəşəri ideyalara, insanlığa  xidmət etsin.    Bu sahədə Azərbaycanın  xalqları birliyə , həmrəyliyə  çağıran könülülük təşəbbüsləri bəllidir və  dünya  birliyi tərəfindən dəstəklənir.  Görəsən, Ermənistanın  şər qüvvələrə  xidmət naminə hazırlanan «qaniçən könüllülər»in  xəyanətlərinə, qadınları silahlandırmasına «dur» deyən tapılacaqmı? Sualın cavabını İyul döyüşlərini davam etdirməyə hər an hazır olan Azərbaycan əsgəri verəcək. Bunu isə  Ermənistan  kimi, havadarları da bilir.

 Xuraman İsmayılqızı, «İki sahil»