KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Abbazsadə – Vartanyan – Geyikyan – Əylisli

05 mart 2019 10:09
1597

Gördünüz, yenə də necə sinxron işlədilər? Azərbaycan vətəndaşı, Rusiyada gizlənib ermənilərlə açıq işbirliyində olan, guya Azərbaycanda sıxışdırıldığını iddia edən Fəxrəddin Abbaszadə əməllərinə görə saxlanıldı. Əslində, dünyanın diqqətini cəlb edəcək heç nə yox idi burada. Bu adam öz ölkəsinə qarşı xəyanət yolu tutmuş, Azərbaycanı parçalamaq, xalqımızı milli-etnik mənsubiyyətinə görə bölmək üçün çalışırdı. Özü də bu əməlini ermənilərlə açıq işbirliyi şəraitində həyata keçirirdi. Təbii ki, Azərbaycan dövləti özünün milli təhlükəsizliyini kiminsə şıltaqlıqlarına güzəştə gedə bilməz və ona görə də bu Abbaszadəni uyğun şəkildə – qanunlar və bütün beynəlxalq normalar çərçivəsində saxladı.

Abbaszadə saxlanıldıqdan sonra nə baş verdi? Bəzi dairələr onu dünyaya bir ziyalı kimi təqdim edib müdafiəsini təşkil etməyə çalışdı. Guya bu adam Azərbaycan hakimiyyətinə müxalif olduğu üçün tutulubmuş. Təbii ki, belə bir yalan ayaq tutmadı və fürsətkən bu adamın işbirliyi etdiyi ermənilər də hərəkətə keçdi. İddia edildi ki, Azərbaycan, örnək üçün, erməni millətinə qarşı dözümsüzdür, erməni mirasını davamlı şəkildə məhv edir.

Yenə də məlum və məşhur “The Guardian” qəzeti kampaniyada rol aldı. Bu dəfə bir qədər gendən gələrək. Həm də iz azdırmaq üçün heç dəxli olmayan bir məsələdən hərəkət edərək.

“The Guardian” “Monumental itki: Azərbaycan və 21-ci yüzilin ən pis mədəni soyqırımı” (Monumental loss: Azerbaijan and ‘the worst cultural genocide of the 21st century’) adlı bir məqalə yayımladı. Məqalənin mənbəyi kimi bir erməni mavi cütlüyünün (Hrag Vartanyan və Veken Geyikyan) qurduğu saytda fevralın 19-da yayımlanmış “hesabat” göstərilir. Biz də hesabatı arayıb tapdıq, gözdən keçirdik.

Müəlliflərindən birinin erməni Simon Mağakyan, digərinin gənc erməni dostu Sara Pikmən olduğu “Bir rejim yerli erməni mədəniyyətinin silinməsini gizlədir” adlı “hesabat”da iddia edilir ki, Azərbaycan hakimiyyəti Naxçıvandakı “erməni xaçkarları”nı kütləvi şəkildə məhv edib. Bunu sübut etmək üçün “dəlillər” də təqdim edilir. Özü də işin içində bir az da İran var. Yəni şahidlik məsələsində. İddia edilir ki, İranın bir erməni din xadimi Arazın o tayından bu tayda Azərbaycan dövlətinin xaçkarları yox etməsini lentə alıbmış. Bəs o, bundan necə xəbər tutub? “Hesabata” görə, İran sərhəd xidməti baş verənləri görüb və ona bu haqda xəbər verib. Erməni din xadimi də sərhədə gəlib, olanları göz yaşları içində izləyib, öz şəklini çəkdirib, hadisəni lentə alıb.

“Hesabat”a video da əlavə edilib. İngilis dilində olan bu 5 dəqiqəlik videoda səsli olaraq iddia edilir ki, Azərbaycan dövləti xaçkarları dağıdır. Culfadan olduğu deyilən görüntülərdə bunun təsdiqi yoxdur. Sadəcə keyfiyyətsiz və uzaqdan aparılmış çəkilişə görə, kimliyi sezilməyən insanlar daşları sındırırlar, maşına yükləyib daşıyırlar. Ermənilərin səsli iddiası olmasa baxan düşünər ki, hansısa daş karxanasıdır, insanlar daş istehsalıyla məşğuldur. Belə anlaşılır ki, əslində, bir ərazi daşlardan təmizlənir.

Lakin bu “hesabat”da bizim üçün daha maraqlı bir məqam var. İddianı irəli sürən erməni “araşdırmaçı” və onun tərəfdaşı “şahid ifadələri”nə də yer verir.

Kimmiş bu “şahid”? Təxmin edin. Edə bilməyənlər üçünsə mən yardımçı olum: Əkrəm Əylisli! Bəli, erməni “araşdırmaçı” özünün yalanlar üzərində qurulmuş “hesabat”ında məlum və məşhur Əkrəm Əylislinin yenə də məlum və məşhur “Daş yuxular” romanını tutarqa kimi göstərib müəllifi də “şahid” qismində təqdim edir!

Gördünüz, haradan haraya gəlindi? Fəxrəddin Abbaszadə üzərindən hücum etmək istədilər, qanunsuz bir şey tapa bilmədilər. Amma onun müdafiəsi üçün erməni kartını dövriyəyə buraxdılar. Lakin hiyləgərcəsinə! İlk baxışda dəxli olmayan bir mövzuyla!

Fəxrəddin Abbaszadə saxlanılan kimi Ermənistan mediası bir komanda ilə hərəkətə keçdi, Azərbaycan dövlətini bir ziyalını həbs etməkdə qınadı. Əlbəttə, bunu müxtəlif dillərdə bütün dünyaya yaydı. Ardınca da “The Guardian”ın məlum “hesabat” əsasında hazırladığı məqalə eyni qaydada ermənilər tərəfindən sürətlə tirajlandı. Necə də sinxron işləyirlər, deyilmi?

İndi bir suala cavab tapmağa çalışaq: əgər Fəxrəddin Abbaszadə öz dövlətinə düşmən, Ermənistana dost olmasaydı ermənilər onun üçün bu qədər canfəşanlıq edərdilərmi? Etməzdilər!

Bəs Əkrəm Əylisli özünün yuxuda görüb romana çevirdiyi yalanlarla erməni dəyirmanına su tökməsəydi necə, onu ermənilər müdafiə edərdimi? Təbii ki, yox!

Bəs Vartanyan-Geyikyan mavi cütlüyü necə, Əkrəm Əylislinin “şahid” kimi təqdim edildiyi “hesabatı” 113 min abunəçiyə göndərərdimi? Göndərməzdi! Əgər bu Əylisli erməni dəyirmanına su tökməsəydi! Əgər bu Əylisli ermənilərin əlinə oynamasaydı!

Belədir durum! Abbaszadə, Vartanyan, Geyikyan və Əylisli eyni cəbhədə yer almaqla Azərbaycan dövlətinə qarşı savaş içindədir. İkinci ilə üçüncünü anlayırıq, adamlar doğuşdan türk düşmənidir və Azərbaycan da bir türk dövləti olduğu üçün bizi düşmən kimi görürlər. Bəs, Azərbaycan vətəndaşı olan Abbaszadə və Əylisliyə nə düşüb ki, onlar da özlərinin – bizim olan dövlətə qarşı ermənilərlə eyni cəbhədə yer alır?

Bunun adını biz demirik, oxucuların öhdəsinə buraxırıq. Sadəcə bizi bu Əylisli və Abbaszadəyə görə bir zamanlar tənqid edənlərə bir daha səslənirik: görün, bilin, tanıyın! Qəflət yuxusundan ayılın, dost kim, düşmən kim deyə ayırd etməyi nəhayət ki, öyrənin!