14 may 2019 10:41
177

Abituriyentlər qəbul imtahanında hansı məqamlara diqqət etməlidir?

Xəbər verildiyi kimi, mayın 19-da ali məktəblərə  yaz qəbul imtahanının  növbəti mərhələsi II və III ixtisas qrupları üzrə keçiriləcək. Qəbul imtahanından müvəffəqiyyətlə keçmək istəyən  abituriyentlər isə bir çox vacib  nüanslara diqqət etməlidirlər.

Təhsil eksperti Kamran Əsədov qəzetimizə açıqlamasında bildirdi ki, abituriyentlər imtahan günü şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsi, qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və sadə karandaş, qələmyonan, pozan gətirməlidirlər: “İmtahanın başlanmasına 15 dəqiqə qalmış imtahan binasına buraxılış başa çatır və bundan sonra gələn abituriyentlər imtahana buraxılmır. Ona görə də imtahan iştirakçıları gecikməməlidirlər. İmtahan zalında imtahana buraxılış vərəqəsində göstərilən sıra və yerdə oturduqdan sonra iştirakçı nəzarətçinin izahatını diqqətlə dinləməlidir. Nə isə aydın olmadıqda, əllərini qaldırıb nəzarətçiyə müraciət etməlidirlər ki, sonra peşman olmasınlar. Abituriyentlərə tövsiyə edirəm ki, cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə və ya HB sərtliyində sadə karandaşla, cavab vərəqini isə yalnız qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə doldursunlar. Cavab kartı və cavab vərəqindəki məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə işləyərkən ehtiyatlı olun. Cavab kartındakı dairələri tam qaralasınlar, amma kartın əks üzünün qabarmaması üçün qələmi bərk basmasınlar. Test tapşırıqlarının hər birinə verilmiş 5 cavab variantından düzgün hesab edilən bir cavabı seçməli və cavab kartında müvafiq sualın nömrəsini tapıb və seçdikləri cavaba uyğun dairəni tam qaralamalıdır. Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir. Abituriyent hesablama, seçim və xronologiya tipli açıq test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər və varsa, nöqtə ardıcıllığını) cavab kartında bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq aydın şəkildə yazmalıdır. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairəni tam qaralamalıdır. Əgər eyni bir sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir. Mətn üzrə təqdim olunan açıq test tapşırıqlarının hər birinin cavabını isə cavab vərəqində həmin tapşırıq üçün verilmiş ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazmalıdırlar. Unutmayın ki, ballarınız hesablanarkən yalnız cavab kartında və cavab vərəqində qeyd etdiyiniz cavablar nəzərə alınır. Ümumi bal hesablanarkən qapalı suallar üzrə doğru cavabların sayından həmin suallar üzrə səhv cavabların sayının 1/4-i çıxılır, açıq tipli test tapşırıqları üzrə isə səhv cavablar doğru cavabların sayına təsir göstərmir.”

Yaqut Ağaşahqızı, “İki sahil”