21 may 2020 10:53
196

ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir

Dövlət başçısı Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda iki ölkə arasındakı ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilir

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə göndərdiyi məktub bir daha göstərir ki, dünyanın fövqəlgüc dövləti ölkəmizdə aparılan iqtisadi-siyasi islahatlara dəyər verir və iki ölkə arasında çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişafında maraqlıdır.

Cənab Tpampın məktubu Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi ifadəsi ilə başlayır: “28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından səmimi salamlarımı və təbriklərimi çatdırıram. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir.

Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik.

Xahiş edirəm, 28 May - Respublika Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz.”

Məktubun belə formada, yəni beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən təməl norma və prinsiplərinə uyğun başlaması təsadüfi hesab edilməməlidir. Çünki beynəlxalq hüquqda suverenlik konsepsiyası müəyyən ərazi hüdudlarında dövlətin hakimiyyətinin aliliyinin tanınması kimi qəbul edilir. Eyni zamanda, Prezident Trampın məktubundakı bu məqam ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə, beləliklə də ərazi bütövlüynə və sərhədlərinin toxunulmazlığına güclü dəstəyi kimi xarakterizə olunur.

Burada cənab Trampın ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləməsi fikri həm də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstək mesajı kimi şərh olunmalıdır. Xüsusilə ABŞ Prezidenti beynəlxalq təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu yüksək dəyərləndirərək bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi qeyd edir. Məktubda digər önəmli məqam isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq sülhə, sabitliyə və qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələrin ABŞ-ın dövlət başçısı tərəfindən yüksək qiymətləndirilməsidir.

Sözün həqiqi mənasında bu istiqamətlərdə Azərbaycanın onilliklər ərzində oynadığı mühüm rol həmişə beynəlxalq səviyyədə etiraf edilib. Məhz ölkəmizin beynəlxalq terrorçuluğa, radikalizmə, ekstremizmə və transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən Əfqanıstan da daxil olmaqla dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstəyi həmişə alqışlanıb. Məhz ölkəmiz bu gün də istiqamətlər üzrə ABŞ-la sıx əməkdaşlıq edir, terrora qarşı mübarizədə ciddi səy göstərir.

Xüsusi qeyd olunmalıdır ki, Avropa qitəsinin enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşmasında şəxsən ABŞ Prezidenti cənab Trampın Azərbaycana verdiyi böyük siyasi dəstək önəmli rol oynayıb.

Məktubda ABŞ rəhbəri dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul edir. Bu, Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi səciyyələndirilir.

Cənab Trampın məktubunda COVID-19 pandemiyası mövzusuna da toxunulmuş və ABŞ-ın Azərbaycan xalqının yanında olduğu vurğulanmışdır. Bu məqamda xüsusi vurğulamaq lazımdır ki, COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan dövlət başçısının atdığı təxirəsalınmaz addımlar və çevik siyasəti nəticəsində ölkəmiz bu qlobal bəlanın ağır fəsadlarından ən az əziyyət çəkən dövlətlər sırasındadır və məhz bu istiqamətdə ölkəmizin nailiyyətləri Ümumdünya Səhiyyə Təşkilatı və digər dövlətlər tərəfindən təqdir edilir.

Burada yeni xəstəxanaların açılması, vaxtında xarici ölkələrdən lazımi tibbi avadanlıqların alınması, tibbi maska və dezinfeksiya məhsulları istehsal edən müəssisələrin yaradılması, iş yerləri bağlanmış vətəndaşlara maliyyə yardımı üçün sosial paketin qəbulu və s. ölkəmizin pandemiyadan az zərərlə çıxmasına hesablanıb.

Təbii ki, dünya üçün belə çətin vaxtlarda ABŞ kimi Azərbaycan da xarici ölkələrə və təşkilatlara yardım əlini əsirgəmir və məhz ölkəmizin qlobal səviyyədə gerçəkləşdirdiyi bu humanitar missiya pandemiyaya qarşı mübarizəyə böyük töhfədir. Xüsusilə dövlətimizin ÜST-ə 5 milyon dollar ayırması Azərbaycanın koronavirusla mübarizədə beynəlxalq həmrəyliyinin və qarşılıqlı əməkdaşlığının bariz nümunəsidir.

Məktubunun sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan cənab Tramp ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyi də ifadə olunub. Bu isə deməkdir ki, Ağ ev Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə dəstək verməklə yanaşı, destruktiv hərəkətləri ilə danışıqlar prosesinə xələl gətirən təcavüzkar Ermənistanın hazırkı rəhbərliyinin ünvanına ciddi mesajlar verir. Bir sözlə, danışıqlara dəstək ifadə etməklə Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini rədd edir.

Ən başlıcası isə məktubda münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanır ki, bu da Azərbaycanın tarixi torpaqlarının hərbi işğalının qəbuledilməzliyini və Ermənistan silahlı qüvvələrinin BMT-nin məlum dörd qətnaməsində göstərildiyi kimi, işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasını gündəmə gətirir.

Elçin Zaman, “İki sahil”