07 oktyabr 2019 12:03
69

ABŞ-da atışma nəticəsində dörd nəfər həlak olub

Kanzas ştatının Kanzas-Siti şəhərinin polisi bazar günü şəhər barlarının birində atışmada iştirak etmiş iki nəfər şübhəli şəxsi axtarır. Hadisə nəticəsində dörd nəfər həlak olub, daha beş nəfər yaralanıb. Polisin ehtimalına görə cinayətkarlar gecə saat 1.30-da “Tequila KC” barına qəsdən qətl törətmək üçün gəliblər.

AZƏRTAC xəbər verir ki, ölənlərin hamısı Latın Amerikası ölkələrindəndir. Onlardan birinin təqribən 50, ikincisinin təqribən 30, digər iki nəfərin təqribən 20 yaşı olub. Polisin ilkin məlumatına görə, atışma vaxtı klubda 40 nəfər olub. Kanzas-Siti polisinin nümayəndəsi Tomas Tomasiç jurnalistlərə bildirib ki, polis əməkdaşları cinayətin ümumi mənzərəsini təsəvvür etmək, dəlillər toplamaq və şübhəli şəxslərin xarici görkəmini yaxşı təsvir etmək üçün barın bütün müştəriləri ilə söhbət etməyə çalışacaqlar.

Yaralanmış 5 nəfər yerli xəstəxanalara çatdırılıb. Tomasiçin sözlərinə görə, onlarda ikisi səhərə yaxın evə buraxılıb, digər 3 nəfərin vəziyyəti sabitdir. Hələlik heç kəs həbs edilməyib. Tomasiç bildirib ki, qətlin irqi nifrət zəminində törədilməsi hələlik istisna olunur.