KÖŞƏ

Vəli İlyasov

ABŞ-dan Ermənistana ikinci təklif

06 mart 2019 11:07
2409

Azərbaycan həqiqətlərinə bələd olan dünyanın bir çox dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana təzyiq göstərməkdə davam edirlər. Hamısının da mövqeyi eynidir-Ermənistan ordusu işğal etdiyi  Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan qeyd-şərtsiz çıxmalı, işğal faktoru aradan qaldırılmalı, qonşu dövlətlərlə normal münasibətlər yaratmalıdır. Bu günlərdə dünyanın super gücə malik ölkəsindən-ABŞ-dan Ermənistanın baş naziri Nikol Paşinyana işğal altındakı əraziləri sülh yolu ilə Azərbaycana qaytarmaq çağırışı edilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs baş nazir Nikol  Paşinyanı Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işi başlamağa çağırıb. Politoloqun fikirlərindən açıq görünür ki, okeanın  o tayında Dağlıq Qarabağ probleminin kökündə nələrin dayandığını çox yaxşı bilirlər. Haqlı olaraq hesab edirlər ki, bu münaqişə Azərbaycan torpaqlarının sülh yolu ilə öz əzəli sahibinə qaytarılsa, regiona sülh və əmin-amanlıq gələcək, Cənubi Qafqaz ölkələri arasında mehriban qonşuluq münasibətləri bərqərar olacaq. Region xalqları əmin-amanlıq şəraitində yaşayacaq, hər üç ölkə  iqtisadi cəhətdən  yüksələcək.

Amerikalı politoloq qeyd edib ki,  Dağlıq Qarabağda şahmat oyunundakı kimi  “qalaqurma” baş nazir Nikol  Paşinyana danışıqlar masasında elastiklik imkanı verəcək. Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan bunun qarşılığında Ermənistana bir sıra beynəlxalq təşəbbüslərə, misal üçün Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq icazəsi verəcək. Bu isə hər il Ermənistana böyük iqtisadi səmərə verəcək. Azərbaycanla normal əməkdaşlıq Ermənistanda tüğyan edən işsizliyin aradan qaldırılmasına müsbət təsir göstərəcək, ölkəni boğan iqtisadi böhrandan çıxmasına əlverişli şərait yaradacaq. Bundan başqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının möhkəmlənməsi onun Şərq və Qərb arasında öz münasibətlərini tənzimləməsindən asılı olacağı bildirilib.

Xatırladaq ki, bir neçə ay əvvəl buna bənzər təkliflərlə ABŞ rəsmisi, tanınmış siyasətçi  Con Bolton da çıxış etmişdi. Görünür, Nikol  Paşinyan Con Boltonun təkliflərini qulaqardına vurub və buna müsbət  reaksiya verməyib.  Ona görə də az fərqlə  ikinci  təklif  gündəmə gəlib.

Məsələ ilə bağlı Azərbaycanda  bəzi  tanınmış politoloqların rəyi ürəkaçan deyil. Onlar bildirirlər ki, ABŞ-ın bu konstruktiv təkliflərinə Ermənistanın baş naziri Nikol Paşinyanın müsbət rəyi gözlənilən deyil. Çünki Paşinyan siyasətdən və dövlət idarəçiliyindən bixəbər adamdır. Onun on bir aylıq hakimiyyəti belə deməyə əsas verir. Paşinyan müstəqil siyasət aparmaq iqtidarında deyil, kimlərinsə kənardan diktəsi və ya məsləhəti ilə addım atır. Mətbuata sızan məlumatlarda bildirilir ki, onu keçmiş prezident Levon Ter-Petrosyan idarə edir. Ancaq bütün bunlar yalnız versiyalardır, Nikol Paşinyan başqa cür də düşünə bilər, çünki o,  sabit siyasət aparmaqda çətinlik çəkir.