03 dekabr 2019 12:43
101

ABŞ Fransa mallarına 100 faiz rüsum tətbiq edə bilər

ABŞ Fransanın Amerika kompaniyalarına qarşı rəqəmsal rüsumuna cavab olaraq 2,4 milyard dollar həcmində fransız mallarına 100 faizlik rüsum tətbiq edə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqları prosesindəki nümayəndəsinin aparatının bəyanatında deyilir. Əlavə rüsumların tətbiq oluna biləcəyi məhsullara, Fransada istehsal olunan süd məhsulları, o cümlədən pendir, çaxır növləri, o cümlədən şampan şərabı, kosmetik vasitələr, çantalar, çini qablar daxildir.

Qurumun rəhbəri Robert Laythayzerin sözlərinə görə, Fransanın tətbiq etdiyi rəqəmsal rüsum Amerikanın “Google”, “Apple”, “Facebook” və “Amazon” kimi kompaniyalarını diskriminasiya edir.

Qeyd edək ki, iyulun 11-də Fransa Senatı (parlamentin yuxarı palatası) rəqəmsal xidmətlər göstərən iri kompaniyaların vergi ödəmələri barədə qanun layihəsini qəbul edib. Qanun dövriyyəsi dünyada 750 milyon avronu və Fransada 25 milyon avronu keçən online-reklam, internet ticarəti və buna bənzər fəaliyyətlə məşğul olan bütün kompaniyalara aiddir.