19 yanvar 2021 13:20
693

ABŞ hakimiyyət dəyişikliyinə apokalipsis kimi hazırlaşır

ABŞ-da Co Baydenin inauqurasiyasına hazırlıq işləri davam edir. “FBI” sağçı fəalların provokasiyaları haqqında artıq xəbərdarlıq edib. Onlar Milli Qvardiyanın üzvləri kimi geyinərək, tədbirə basqın etməyi planlaşdırırlar.

Bu arada, hələlik yayımlanmasa da, Donald Tramp artıq vida videosunu da hazırlayıb. Rəsmi olaraq, bir sutka sonra o, postu  tərk edəcək. “Twitter”dən məhrum olan Trampın özü altıncı gündür ki, ictimaiyyət qarşısına çıxmır. Nəqliyyat şirkətləri Ağ Evdən Trampın son yüklərini daşıyırlar.

Donald Tramp bir neçə gündür görünməsə də, həyat yoldaşı Melania Tramp amerikalılara üzünü tutaraq deyib: “Mənim əziz xalqım. ABŞ-ın birinci xanımı olaraq sizə xidmət etmək mənim üçün çox böyük şərəf idi. Hazırkı koronavirus pandemiyası dövründə mən xüsusilə, insanların həyatını xilas edən tibb işçilərinə üzümü tutaraq, təşəkkür edirəm. Hər biri insanın həyatı dəyərlidir. Xahiş edirəm, ehtiyatlı olun! Xüsusilə də vaksin seçimində diqqətli olun! Sizin üçün vacib olanı həmişə qorumaqda davam edin. Ancaq bilin ki, şiddətə heç vaxt haqq qazandırılmayacaq”

Prezident Baydenin gəlişini ABŞ paytaxtı sanki apokalipsis kimi qarşılayır. İnauqurasiya məşqi iki gündür ki, ardıcıl olaraq pozulur. Bu dəfə Kapitoliya  yaxınlığında partlayan bir propan qızdırıcısı məşqi pozub. Lakin görünür, bu hadisələr andiçmə mərasiminə təsir göstərməyəcəkdir. Baydenin gələcək nitqi demokratik media tərəfindən tarixi adlandırılır. Baydenin özü isə Ruzveltlə müqayisə edilir və 21-ci əsrin Böyük Depressiyasından çıxmaq üçün Co Baydenə az qala “peyğəmbər” kimi yanaşılır.

“Biz inauqurasiyanı səbirsizliklə gözləyirik. İşimizə tam hazırıq, vitse-prezident vəzifəsinə alnıaçıq və başıdik icra edəcəyəm”,-deyə xanım Kamala Harris mətbuata bildirib.

Tramp da hakimiyyətdən “başıdik” şəkildə ayrılmaq istəyir. Hələ də Baydenin qələbəsini qəbul etməyən Donald Tramp inauqurasiyada iştirak etməkdən də imtina edib. Sabah səhər o, Merilend aerodromunda vida mərasimi keçirərək, “Air Force One” təyyarəsindən son dəfə istifadə edəcək və Floridadakı iqamətgahına yola düşəcək.

Nubar Süleymanova, “İki sahil”