18 iyul 2019 20:57
758

ABŞ-ın gündəlik neft hasilatı 12 milyon barrelə düşüb

Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə 300 min barrel azalaraq gündəlik 12 milyon barrelə düşüb. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

ABŞ-ın gündəlik neft istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda 12,2 milyon barrelə, apreldə 12,3 milyon barrelə, mayda 12,4 milyon barrelə yüksəlib, iyunda isə 12,2 milyon barrelə düşüb.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 470 min barrel azalaraq gündəlik 6,83 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 514 min barrel geriləyərək sutkada 2,53 milyon barrel olub.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,32 milyon barrel, gələn il isə 13,26 milyon barrel təşkil edəcək.