18 fevral 2020 10:50
1623

ABŞ-ın Xəzər Siyasət Mərkəzinin məsləhətçilər şurasının üzvləri ilə görüş

SOCAR-da ABŞ-ın Xəzər Siyasət Mərkəzinin məsləhətçilər şurasının üzvləri ilə görüş olub

SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində ABŞ-ın Xəzər Siyasət Mərkəzinin məsləhətçilər şurasının üzvləri ilə görüşüb.

SOCAR-ın prezidenti qonaqların fəaliyyətini yaxından izlədiyini, indiyədək həyata keçirdikləri layihələrin uğurla nəticələndiyini, həmçinin ötən il “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” forumunun təşkilinə görə Xəzər Siyasət Mərkəzinə minnətdarlığını bildirib. SOCAR-ın prezidenti ölkəmizdə həyata keçirilən enerji layihələri haqqında qonaqları ətraflı məlumatlandırıb, gələcəkdə layihələrin uğurla davam etdirilməsi üçün daha geniş əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Cənub Qaz Dəhlizi layihəsinin cari ildə yekunlaşacağından söhbət açan R.Abdullayev bu layihənin reallaşdırılmasına başlanarkən bir sıra problemlər yaradıldığını, amma Prezident İlham Əliyevin iradəsi, BP və SOCAR-ın təşəbbüsü ilə bu layihənin artıq başa çatmaq üzrə olduğunu vurğulayıb. SOCAR-ın prezidenti qeyd edib ki, bu layihənin genişləndirilməsi üçün Xəzər Siyasət Mərkəzinin səyləri bizim işimizə təkan verə bilər.

Nümayəndə heyətinə rəhbərlik edən Xəzər Siyasət Mərkəzinin məsləhətçilər şurasının üzvü Riçard Hoqland təmsil etdiyi qurumun Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində baş verən prosesləri diqqət mərkəzində saxladığını bildirib. Qeyd edib ki, mərkəz Azərbaycan haqqında obyektiv məlumatların yayılmasına şərait yaradan bir sıra tədbir və layihələri bundan sonra da həyata keçirəcək, xüsusi olaraq Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin inkişaf etdirilməsində maraqlıdır.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam etdirilib. Görüşdə Xəzər Siyasər Mərkəzinin icraçı direktoru Əfqan Nifti, təşkilatın məslətçilər şurasının üzvləri, keçmiş səfirlər Robert Sekuta, Alan Mustard, Susan Eliot iştirak ediblər.