22 fevral 2019 12:20
607

ABŞ-KXDR sammitini 2500-dən çox jurnalist işıqlandıracaq

Vyetnamın Hanoy şəhərində baş tutacaq ABŞ-KXDR sammitini işıqlandırmaq üçün təxminən 2600 jurnalist akkreditasiyadan keçib.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Vyetnam xarici işlər nazirinin müavini Le Hoay Çunq Hanoyda keçirilən mətbuat konfransında jurnalistlərin sammitdə uğurlu fəaliyyəti üçün lazımi şəraitin yaradılacağını bildirib. Onun sözlərinə görə, Vyetnamın Baş naziri Nquen Suan Fuk nazirlərə və müvafiq qurumlara ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüş zamanı təhlükəsizliyin təmin olunması üçün bütün tədbirləri görməyi tapşırıb. Hazırlıq işləri yüksək səviyyədə hazırlanıb və həyata keçirilib.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda keçirilmişdi. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

Liderlərin ikinci görüşü fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoy şəhərində olacaq. Ağ ev administrasiyasının yüksək vəzifəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, iki lider təkbətək görüş keçirəcək, birlikdə nahar edəcək, həmçinin nümayəndə heyətlərinin geniş formatda danışıqlarına qatılacaq.