31 may 2020 18:44
424

ABŞ Prezidentinin məsuliyyət tələbi və sosial mediada senzura - ŞƏRH

Mayın 28-də ABŞ Prezidenti Donald Tramp “Onlayn senzuranın qarşısının alınması barədə icra sərəncamı” (Executive Order on Preventing Online Censorship) imzalamaqla gündəmə damğasını vurdu. Dünyanın başı koronavirus bəlasına qarışmışkən Prezident Trampın bu sərəncamla ortaya çıxması heç də az diqqət cəlb eləmir. Çünki söhbət sənədin adında olduğu kimi “senzuranın qarşısının alınması”ndan getsə də bəzi mərkəzlər iddia edir ki, Donald Tramp özü senzura tətbiq etməyə cəhd göstərir.

Bu sərəncamın imzalanması da təsadüfən baş vermədi. Uzun müddətdir ABŞ Prezidenti CNN, New York Times kimi media nəhəngləri başda olmaqla bir sıra nüfuzlu KİV-lərlə münaqişə halındadır. Buraya onun sosial media ilə münaqişəsi də əlavə olunduğundan ortaya belə bir sərəncam çıxmalı oldu. Əslində, Tramp iddia edir ki, sosial media senzura tətbiq etməklə amerikalıların ifadə azadlığına əngəl törədir. Belə bir senzura halı da elə ABŞ Prezidentinin öz başına gəlib. O, mayın 26-da “məktubla səsvermə”yə (mail-in voting) etiraz bildirən tvit yazıb. Twitterin başbilənləri də bunu “fakt yoxla”ya məruz qoyaraq şübhə altına alıb. Nəticədə Donald Trampın tviti “potensial yanıldıcı” (potentially misleading) kimi yarlıqlanıb. Təbii ki, belə bir durum artıq sosial medianın tərəfsiz platforma kimi davranışı demək deyil. Əgər ABŞ qanunlarına görə, bənzər platformalar üçüncü tərəflərin yazdığına-paylaşdığına görə məsuliyyət daşımırsa, onda müdaxilə də etməməlidirlər. Lakin göründüyü kimi, Twitter ABŞ Prezidentinin şəxsi fikirlərini şübhə altına olaraq onlara faktiki müdaxilə edib. Ona görə də Prezident Donald Tramp yuxarıda adı keçən sənədi imzalamaqla onlayn media platformalarının azad özünüifadəyə müdaxiləsini əngəlləməyi qanuniləşdirib.

Yeri gəlmişkən onu da əlavə edək ki, Facebook-un sahibi Mark Tsukerberg məsələyə münasibət bildirib və deyib ki, bənzər platformalar “hakim rolunu oynamamalıdır”. Yəni istifadəçilərin paylaşımlarına müdaxilə doğru bir şey deyil.

Onu da əlavə edək ki, ABŞ Prezidenti sərəncamı imzalamağa hazırlaşarkən bunu belə əsaslandırıb: “Onların geniş gücü var ki, sadə insanlarla geniş auditoriya arasındakı ünsiyyətə senzura-məhdudiyyət tətbiq etsinlər, fikirləri redaktə edib formalaşdırsınlar, gizlətsinlər və ya dəyişik şəkildə çatdırsınlar. ABŞ tarixində heç vaxt belə hal olmayıb ki, bir neçə şirkət insanlar arasındakı ünsiyyəti bu qədər geniş şəkildə nəzarət altında saxlasın”.

Burada qeyd etmək lazımdır ki, Twitter və onun müdafiəçiləri ABŞ Prezidentinin bu sərəncamını qüvvədə olan “Kommunikasiya dürüstlüyü qanunu”nun 230-cu bölməsinə zidd elan ediblər. Bu qanunsa 1996-cı ildə qəbul edilib, onlayn platformaları 3-cü tərəflərin paylaşımlarına görə məsuliyyətdən azad edir. Lakin indiki halda Donald Tramp Tvitter kimi bir nəhəngin belə bir qanundan özünə sərf edən şəkildə yararlandığını bildirir, ona görə də ümumiyyətlə senzura tətbiqinin qarşısını almağa çalışır. Yəni yeni sərəncamdan sonra Tvitter kiminsə paylaşımının nə rəngdə olduğunu şərh edə bilməyəcək. Eyni zamanda sosial media platformaları 3-cü tərəflərin insanlara zərərli fəaliyyətinə görə məsuliyyəti də paylaşmalı olacaq. Əsas məsələ də elə budur: məsuliyyət.

Belə anlaşılır ki, sosial media platformaları iddia etdikləri kimi sərbəst özünüifadə üçün imkan demək deyil. Onlar özlərinə sərf edən özünüifadənin sərbəstliyi üçündür. Yəni hədsiz azadlıq söhbəti yalandır. Özü də bu, ABŞ-da belədir. Elə sözügedən sərəncamda da qeyd edilir ki, ABŞ-ın dövlət qurumları son həftələr ərzində 16 mindən artıq şikayət alıblar ki, sosial media vətəndaşlara senzura tətbiq edir. Tək-tək vətəndaşlar konkret faktları ABŞ Administrasiyasına göndərməklə faktiki senzuranın tətbiq edilməsini sübut etmiş olublar. Donald Tramp sərəncamı imzalarkən həm də bu amili əsas götürüb.

Bu olanları Azərbaycan baxımından da şərh etmək olardı. Misal üçün, belə bir sənədi Donald Tramp deyil, Azərbaycan Prezidenti İlham Əliyev imzalasaydı dünyada nə baş verərdi? O baş verərdi ki, insan hüquqlarını qoruduğunu iddia edən təşkilatlar səs-səsə verib ölkəmizi hər cür yaramazlıqda ittiham edərdi. Lakin göründüyü kimi, ABŞ-la bağlı belə bir hərəkətlilik gözə dəymir.

ABŞ Prezidentinin bu sərəncamı bir də onu sübut edir ki, bizim illərdir dediklərimiz ən yüksək səviyyədə təsdiqini tapır. Biz nə deyirdik? Deyirdik ki, bu sosial media platformaları iddia etdikləri qədər azad deyillər. Onlar tərəf tuturlar, özəlliklə də Azərbaycan kimi ölkələrə münasibətdə balansı pozurlar. Adicə bir erməni məsələsi olanda dəfələrlə hesabları dondurulan xeyli Azərbaycanlı olub bu vaxtadək. Elə Trampla yola getməyən Tvitter də bunu hər gün edir. Yaxud də bizə qarşı olanlarla bağlı etdiyimiz şikayətlər illərdir qulaqardına vurulmaqdaykən, bizə qarşı olanların adi bir şikayətinə görə sosial mediadan istifadəmizin əngəllənməsi normaya çevrilib. Ona görə də hansısa ölkədə mərkəzləşmiş və azad platforma olduğunu iddia edən belə platformalara o qədər də bənd olmaq lazım deyil. Donald Trampla Twitter arasında yaşanmaqda olan bu olay bizim nə qədər haqlı olduğumuzu bir daha sübut etmirmi onsuz da?

Azər HƏSRƏT