06 dekabr 2019 14:21
704

ABŞ Senatı növbəti dəfə erməniləri məyus etdi

ABŞ Senatı üçüncü qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsini müzakirə etməkdən imtina edib.

Azvision.az xəbər verir ki, ABŞ Senatının qaydalarına əsasən, qanunvericilər əvvəlcə layihənin gündəliyə salınması üçün səs verməli, yalnız bundan sonra sənədin müzakirəsinə və səsverməsinə keçməlidirlər.

Qətnamə layihəsinin müəllifləri ermənipərəst senatorlar Robert Menendez və Ted Kruzdur.

Menendez ABŞ Konqresinin Nümayəndələr Palatasının bu yaxınlarda qondarma “soyqırımla” bağlı qətnamə qəbul etdiyini xatırladaraq, Senatdakı həmkarlarını həmin sənədi gündəliyə daxil etməyə çağırıb.

Şimali Dakota ştatını təmsil edən respublikaçı senator Kevin Kramer qətnaməyə qarşı çıxıb. Keçmiş konqresmen, 2018-ci ildən bəri Senatın üzvü olan Kramer hesab edir ki, bu gün qətnamə qəbul etmək üçün əlverişli vaxt deyil.

“Mən bu qətnamə ilə razıyam və əminəm ki, digər həmkarlarım da mənim kimi düşünür. Biz onu gündəliyə daxil edə bilərik, amma sual bunu nə vaxt etməli olduğumuzla bağlıdır. Mənə elə gəlir ki, indi bunun vaxtı deyil”, - deyə Kramer əlavə edib.

ABŞ Senatının qaydalarına görə, hər bir senator istənilən məsələnin müzakirəsini bloklaya bilər. Beləliklə, qətnamə layihəsinin Senatın gündəliyinə salınması Kramer tərəfindən bloklanıb.