22 sentyabr 2020 17:24
1124

"Abşeron" layihəsi "Neft Daşları"na yeni həyat verəcək

"Abşeron" yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını çox əhəmiyyətli hadisə kimi qiymətləndirən dövlətimizin başçısı vurğulayıb ki, "Abşeron" qaz-kondensat yatağının yeni mərhələsi başlayır

 

Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən iri transmilli layihələrin reallaşdırılması, Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması bir tərəfdən ölkəmizin vacib iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqelərini möhkəmləndirirsə, digər tərəfdən neft-qaz ixracı hesabına da böyük gəlirlər əldə edəcəyinə təminat verir.

Xəbər verildiyi kimi, sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməli qoyulub. Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Mərasimdə dövlətimizin başçısına yataqda quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə ətraflı məlumat verilib.

Məlumat üçün bildirək ki, "Abşeron" yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. "Abşeron" layihəsi üzərində iş zamanı "BOS Şelf" şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, "Neft Daşları"nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. "Abşeron" layihəsində Xəzərdə ilk dəfə "boru içində boru" texnologiyası tətbiq olunacaq.

"Abşeron" yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını çox əhəmiyyətli hadisə kimi qiymətləndirən dövlətimizin başçısı vurğulayıb ki, "Abşeron" qaz-kondensat yatağının yeni mərhələsi başlayır: "Əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat - bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, "Abşeron"un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq."

"Abşeron" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, suyun 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Bu isə o deməkdir ki, "Abşeron"un istismarı Azərbaycanda təbii qaz hasilatının artmasına əhəmiyyətli töhfə verəcək. Həmçinin "Abşeron", eyni zamanda, neft hasilatımızın sabit qalmasına böyük dəstək verəcək. Belə ki, yataqdan çıxarılan kondensat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinə vurularaq dünya bazarlarına göndəriləcək. "Abşeron" layihəsi "Neft Daşları" ilə bağlı olduğundan bu, "Neft Daşları"na yeni həyat verəcək.

Daha önəmli bir cəhət, qeyd edildiyi kimi, sözügedən qurğuların Azərbaycanın özündə istehsal olunmasıdır. "Abşeron" layihəsinin gerçəkləşməsi ölkənin həyatında neft-qaz amilinin önəmini bir daha təsdiqləyəcək. Yataq həm daxili tələbatın ödənilməsi, həm də ölkəmizin ixrac potensialının güclənməsinə mühüm töhfə verəcək. Dövlət başçısı yataqdan ilk qazın və kondensatın nəzərdə tutulduğu vaxt - iki ildən sonra çıxarılacağına əminliyini bildirib.

"Əsrin müqaviləsi" ilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyası möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Xəzər dənizinin Azərbaycana məxsus dərin hissələrində yeni-yeni strukturlar beynəlxalq tərəfdaşlarla birlikdə işlənməyə cəlb edilir.

Belə ki, SOCAR ilə Fransanın "Total E&P Absheron B.V." şirkəti arasında imzalanmış saziş çərçivəsində 2011-ci ilin sentyabrında yataq kəşf edildikdən sonra əlavə kəşfiyyat quyuları qazılıb, yatağın ehtiyatları qiymətləndirilib. 2019-cu ildə Abşeron yatağında "ABD-001" nömrəli qiymətləndirici quyu qazılıb. Qeyd edək ki, "Abşeron" yatağında qazılan və Xəzər dənizində tarix boyu qazılan ən dərin kəşfiyyat-istismar quyusu vasitəsilə yatağın qaz ehtiyatının yüksək olduğu aşkar edilib. Yeni quyu Azərbaycan Xəzər Qazma Şirkətinin (CDC) tərəfindən Heydər Əliyev adına 6-cı nəsil Yarımdalma Qazma Qurğusundan qazılmış ilk quyudur. Bu qiymətləndirici quyunun nəticələri "Abşeron" yatağının potensialını təsdiq edib. “Total” və SOCAR bu quyunu sualtı tamamlama ilə hasilata qoşmaqla "Erkən Qaz Hasilatı" planının həyata keçirilməsi üzərində işləyəcəklər. Bu plan SOCAR-ın "Neft Daşları" yatağında yeni qəbul platformasının inşa edilməsini və mövcud infrastruktura bağlanmasını nəzərdə tutur. Əldə olunmuş müsbət nəticələr SOCAR ilə "Total"a yatağın işlənməsinin gələcəkdə nəzərdə tutulan ikinci mərhələsi üçün tədqiqatlara başlamağa imkan verir.

Orxan Vahidoğlu, "İki sahil"