15 avqust 2019 13:48
71

Abşeron yarımadasında zəfəran əkini mövsümü başlayıb

Azərbaycanda zəfəran istehsalı ənənələri dirçəldilir. Bu çox qiymətli ədvanın əsas əkin sahələri hazırda Abşeron yarımadasında – Bakıda və ətraf kəndlərdə yerləşir. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı CBC telekanalı yayıb.

Abşeronda zəfəran soğanaqlarının əkini mövsümü avqustda başlayır, çiçəklərinin yığımı prosesi noyabrın sonunadək davam edir. Azərbaycanda zəfəran yetişdirmə ənənələri qədimdir. Tarixi məlumatlara görə, bu ədva Azərbaycana VII-IX əsrlərdə Kiçik Asiyadan gətirilib. Zəfəran quru iqlim və qumsal torpaq sevir. Buna görə də vaxtilə Abşeron yarımadasının, demək olar, bütün ərazisində zəfəran əkinləri olub, Bakının qədim gerbində içərisində zəfəran çiçəkləri olan çuvallarla yüklənmiş dəvə təsvir edilib. Abşeron zəfəranı həmişə yüksək keyfiyyəti və məhsuldarlığı ilə seçilib. Məlumdur ki, orta əsrlərdə Azərbaycandan təqribən 16 ton quru zəfəran ixrac olunub, əsasən, Rusiya və Avropa bazarlarına göndərilib. Sovet Ensiklopediyasının məlumatına görə, XIX əsrdə Abşeron yarımadasında 1000 pud zəfəran istehsal edilib və yaxınlıqdakı bütün ölkələrə ixrac olunub.

Zəfəran İstehsalçıları, Emalçıları və İxracatçıları Assosiasiyasının sədri Ədalət Abdullayevin sözlərinə görə, vaxtilə zəfəran yumruları İrana, çox güman, Azərbaycandan aparılıb və orada zəfəran istehsalı o qədər inkişaf edib ki, hazırda İran bu sahədə inhisarçıdır.

Zəfəran yetişdirilməsi üçün ideal iqlim şəraiti olan Bilgə qəsəbəsində və qonşu Maştagı və Şüvəlan kəndləri ərazisində SSRİ dövründə - 1927-ci ildə “Zəfəran” sovxozu yaradılıb. Sovxozda il ərzində əsasən kulinariyada istifadə olunan 140-150 kiloqram əla keyfiyyətli zəfəran istehsal edilirmiş. Lakin SSRİ dağılandan sonra əkin əraziləri kiçilib, sovxoz isə dağılıb.

Müasir Azərbaycanda bu qiymətli ədva Zəfəran İstehsalçıları, Emalçıları və İxracatçıları Assosiasiyasında birləşmiş özəl təsərrüfatlarda istehsal edilir.

Ədalət Abdullayev deyib: “Bu gün biz Azərbaycanda həmin ənənələri dirçəltmək istəyirik. Dövlət tərəfindən bu sahənin inkişafına kömək edən zəruri tədbirlər görülür. Ölkədə Zəfəran İstehsalçıları, Emalçıları və İxracatçıları Assosiasiyası fəaliyyət göstərir, zəfəran istehsalına subsidiyalar ayrılır”.

Qeyd edək ki, 1 qram zəfəran 450-500 saçaqdan ibarətdir. Zəfəran plantasiyasının bir hektarından ildə 6-20 kiloqram məhsul götürülür. Zəfəran istehsalı böyük resurslar tələb edən çox zəhmətli prosesdir. Ədalət Abdullayevin sözlərinə görə, zəfəranla bağlı bütün proses – soğanaqların əkini, məhsul yığımı, qiymətli saçaqların seçilməsi əl əməyi tələb etdiyi üçün zəfəran bütün dünyada ən bahalı ədva hesab olunur.

Maraqlıdır ki, Azərbaycanda zəfərandan ədva kimi istifadə etməklə yanaşı, ilk dəfə ondan mürəbbə istehsal etməyə başlayıblar. Zəfəran mürəbbəsində onun bütün dəyərli keyfiyyətləri qorunub saxlanılır. “Absheron Saffron” müəssisəsi zəfəran çiçəklərindən və saçaqlarından faydalı desert, habelə zəfəran əlavə edilmiş üzüm, əncir, heyva və gilas mürəbbələri istehsal edir. Gələcəkdə Azərbaycanda zəfərandan dərman preparatları hazırlamaq planlaşdırılır.

Məlumdur ki, dünyada təqribən 300 növ zəfəran tərkibli dərman istehsal edilir. Bunlar xərçəng əleyhinə preparatlar, qaraciyərin və gözlərin müalicəsi üçün nəzərdə tutulan antidepressantlar və s. preparatlardır. Zəfəran, demək olar, bütün orqanlara müsbət təsir göstərir.

Mütəxəssislər vurğulayır ki, zəfəranı təkcə Abşeron yarımadasında deyil, Azərbaycanın digər regionlarında da müvəffəqiyyətlə yetişdirmək olar, çünki tarixən bu ədva Gəncə, Şəki, Ağdam, Salyan və s. bölgələrdə əkilib.

Vaxtı gələndə zəfəran istehsalını bütün Azərbaycanda dirçəltmək planlaşdırılır. Azərbaycanın bu qiymətli bitkinin istehsalı sahəsində liderliyini geri qaytarmaq üçün bütün şansları var.