23 sentyabr 2020 18:18
1034

“Abşeron” yatağı: Həm daxili, həm də xarici tələbatı ödəyəcək mənbə

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Tədbirdə bildirilib ki, yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, “Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq.

Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. 2022-2023-cü illərdə istismarı baş tutacaq yatağın Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir. Həmçinin “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qazın da TANAP xətti ilə Türkiyəyə ötürüləcəyi nəzərdə tutulur. Bu da gələcəkdə istehsalla bərabər,  ixrac ediləcək qaz həcminin də artacağından xəbər verir.  Bu baxımdan  “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulması Azərbaycanın neft-qaz strategiyasının həyata keçirilməsində önəmli hadisə hesab edilir.

“Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edilib. Yataqda birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanmışdı. Lakin həmin vaxt görülən işlər nəticə vermədiyindən 2005-ci ildə kontrakta xitam verilib. Bununla belə,  “Abşeron” yatağının potensialına inam azalmayıb və  2009-cu ildə “Total” şirkəti ilə SOCAR arasında ikinci kontrakt imzalanıb. “Abşeron” və digər bu kimi yataqların timsalında onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında tanınmağa və əhəmiyyətini artırmağa imkan tapacaq.
Ümumilikdə isə bu yatağın da daxil olduğu  enerji siyasətinin  bir məqsədi var:  Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək. Bu isə, həmçinin ondan xəbər verir ki, Azərbaycan ənənəvi olaraq neft ölkəsi ilə bərabər, təbii qaz ölkəsinə də çevrilib. Ölkəmiz həm də təbii qaz ehtiyatları ilə artıq sərhədləri aşaraq nəinki regionun əsas təchizatçılarından birinə çevrilib, eyni zamanda,  Avropanın enerji təhlükəsizliyini təmin etməyə hazırlaşır.

Ölkəmizin dünyanın ən iri təbii qaz ehtiyatına malik 4 ölkəsindən 3-ü ilə eyni regionda yerləşməsinə baxmayaraq təbii qaz resursları üçün  bazarların aşkarlanması  məsələsi də bir ayrı məsələdir. Söhbət ondan gedir ki, dünya ölkələri hazırda enerji təhlükəsizliyini milli təhlükəsizliyinin vacib elementi hesab edərək enerji mənbələrinin və marşrutlarının şaxələndirməsinə nail olmağa çalışsalar da vəziyyət onu deməyə əsas verir ki,  bunu reallaşdırmaq o qədər də asan olmur. Eyni zamanda, böyük həcmdə ehtiyatlara malik ölkələr müstəqil şəkildə onun nəqlini həyata keçirməkdə müxtəlif çətinliklərlə qarşılaşırlar. Bu mənada Azərbaycanın həyata keçirdiyi qlobal təbii qaz layihələrini həyata keçirməyə müvəffəq olması özü-özlüyündə böyük siyasi iradənin nəticəsidir.        

Lakin şübhəsiz ki, burada siyasi iradə ilə yanaşı, ehtiyatların həcmi də böyük rola malikdir. Bu baxımdan bir neçə ildən sonra istismara veriləcək “Abşeron” yatağı kifayət qədər böyük ehtiyatı ilə həm yerli tələbatın ödənilməsində, həm də ixracda “öz sözünü deyəcək”.  

Ceyhun Piriyev, “İki sahil”