29 oktyabr 2020 18:07
737

Acı məğlubiyyətdən azğınlaşmış Ermənistan günahsız insanları hədəfə alır

İşğalçı Ermənistanın cəbhə xəttindən çox uzaqda yerləşən Bərdədə dinc əhaliyə, ticarət və iaşə obyektlərinə raket zərbələri endirməsi, mülki insanları qətl etməsi təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyinin terrorçu və faşist mahiyətinin bir daha təsdiqi idi.

27 sentyabrdan bu günə qədər faşist Ermənistanın silahlı qüvvələri döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlaxın yaşayış məntəqələrini atəşə tutmaqla öz cinayətkar əməllərini davam etdirir. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ardınca istifadəsi qadağan edilmiş xüsusi dağıdıcı gücə malik kasetli bombalarla Bərdənin hücuma məruz qalması, 21 nəfərin həlak olması, 70-dən çox insanın ağır yaralanması bunun bariz ifadəsidir. Sentyabrın 27-dən bu günə qədər erməni terrorçu və vandallarının qətlə yetirdikləri mülki insanların sayı 100-ə yaxınlaşır.

Hərbi cinayətlərini davam etdirən Ermənistanın silahlı qüvvələri bölgə üçün böyük irriqasiya əhəmiyyəti daşıyan Mingəçevir Su Elektrik Stansiyasını, Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən və regionun iri strateji obyektləri sayılan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru xətlərini hədəf kimi seçərək bombalamışlar. İşğalçı Ermənistan 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini pozaraq hərbi əməliyyatlara başladıqdan sonra şəhərlərə və digər yaşayış məntəqələrinə qarşı qadağan olunmuş bombalardan istifadə etmişdir. Qeyd olunan bombacıqlar “Kaset sursatlar haqqında” Konvensiyaya uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil edilib. İnsanlıqdan nəsibini almayan düşmənin hətta Ermənistan əsgərlərinin cəsədlərini yığan, üzərində ağ bayrağın qaldırıldığı açıq-aşkar şəkildə görünən Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarəti altında olan Azərbaycanın tibbi maşınlarını atəşə tutması Ermənistanın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunu bir daha ortaya qoydu.

Oktyabrın 9-dakı Moskva razılaşmasını heçə sayan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi heç bir beynəlxalq norma və prinsipə əməl etmir və terrorçu əməllərini davam etdirir. Lakin təəssüf ki, beynəlxalq aləm 1949-cu il Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı evləri, mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edən və mülki vətəndaşlara qarşı əsl soyqırımı törədən işğalçı ölkənin cinayətlərini sükutla qarşılayır.

Terrorçu Ermənistanın Azərbaycanın cəbhəyanı və cəbhədən çox-çox uzaqda yerləşən ərazilərini, yaşayış məntəqələrini uzaqmənzilli raketlərlə və digər qurğulardan atəşə tutması birbaşa Azərbaycan əhalisinin məhvinə yönəlib. Nasist Nikol Paşinyanın sözçüsü hətta “Rossiya-24” kanalına müsahibəsində bildirdi ki, Ermənistanın məqsədi Azərbaycan əhalisində qorxu, təşviş yaratmaqdır.

Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərini, mülki əhalini raket zərbələri ilə qətl etmək əmirini Ermənistanın düşük, təlxək, səviyyəsiz, insanlıq simasını itirmiş baş naziri Nikol Paşinyanın verdiyi birmənalıdır. Terrorçu Ermənistanın hərbi-cinayətkar rəhbərliyindən fərqli olaraq, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir.

Sentyabrın 27-dən başlayaraq döyüş bölgəsində uduzan Ermənistan acığını mülki əhalidən çıxır. Cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistan terrorçuluq edərək günahsız insanları hədəfə alır, azğın düşmən dinc əhaliyə qarşı vandalizm həyata keçirir.

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bu barədə bildirib: “Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur.”

Zahid Rza, “İki sahil”