14 iyul 2020 16:23
940

Adil Əliyev: Məğlubiyyət Ermənistan tərəfinin taleyidir!

Bu gün bütün dünya koronavirus kimi bir xəstəliklə mübarizə aparır, təəssüf ki, bizim mübarizəmiz yalnız bu infeksiya ilə deyil, həm də varlıqları ilə Cənubi Qafqazın və bütün dünyanın bəlasına çevrilmiş Ermənistan adlı bir dövlətlədir. Rəsmi rəqəmlərə baxdıqda Ermənistanın düşdüyü vəziyyətin çətinliyini dərk etmək çox aşkardır. Pandemiyanın yayılmasının qarşısının alınmaması, ölkədə gedən intriqaları, Ermənistan hakimiyyətinin yarıtmaz fəaliyyətini pərdələmək üçün düşmən özünün “ənənəvi” taktikasına yenidən əl atdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev qeyd edib ki, Ermənistan iyulun 12-dən etibarən cəbhənin Tovuz rayonu istiqamətində öz təxribatçı fəaliyyətini həyata keçirməyə cəhd etdi. Çox qısa bir zaman kəsiyində Milli Ordumuz tərəfindən düşmənin hücumunun qarşısı alındı və düşmən xeyli sayda itki verərək geri çəkilməyə başladı. Ayın 12-də başlayan təxribat zamanı düşmən alınan cavabdan nəticə cıxarmayaraq yenidən artilleriya silahlarından istifadə etsə də, ordumuz tərəfindən bu cəhdin də qarşısı çox böyük qətiyyətlə alındı, düşmənin müxtəlif təyinatlı hərbi texnikası, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edildi. Baxmayaraq ki, Ermənistan tərəfi Tovuz rayonu ilə yanaşı, Naxçıvan Muxtar Respublikası istiqamətində də təxribatlarını davam etdirir, həmçinin bu təxribatlar zamanı yalnız mövqelərə deyil, xislətlərinə uyğun olaraq mülki əhalinin yaşadıqları ərazilərə də artilleriya silahlarından atəş açırlar.

Düşmən təxribatı zamanı Milli Ordumuzun hissələri şanlı tariximizə uyğun olan böyük şücaət göstərir və hazırda da Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən üzərlərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqinlə gəlirlər. Belə ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən Təhlükəsizlik Şurasının iclasında ölkə başçısı bir daha bildirdi ki, şəhidlərimizin qisası layiqincə alınmış, ölkəmiz bir santimetr belə öz ərazisini verməmişdir.

Baş verənləri təhlil etdikdə məlum olur ki, Ermənistan rəhbərliyinin faktiki olaraq ölkədə olan hərc-mərcliyi aradan qaldırması mümkün deyil, eyni zamanda, iqtisadiyyatı çökmüş Ermənistanın pandemiyadan bu qədər əziyyət çəkməsi hakimiyyəti xalqın qarşısında yenidən çıxılmaz vəziyyətə salıb. Bu səbəbdən də baş verənləri pərdələmək məqsədilə Ermənistan silahlı birləşmələri təxribatlara əl atıb. Ermənistan beynəlxalq təşkilatlara müraciət edərək ərazidə atəşkəsin bərqərar olmasını yalvarsa da, özləri açıq şəkildə ərazimizdə təxribat törədirlər. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi faktiki olaraq xaotik situasiyadadır, çünki bir tərəfdən xahiş edirlər ki, ərazidə atəşkəs elan olunsun, digər tərəfdən isə özləri təxribat törədirlər. Lakin istər döyüş meydanında Aprel döyüşləri, istərsə də siyasət meydanında Valdayda, Moskvada, Aşqabadda olduğu kimi düşmən yenə məğlub olub. Məğlubiyyət artıq Ermənistan dövlətinin taleyidir və onlar da bu tale ilə barışmalıdır, görünən odur ki, artıq barışırlar da.

Hazırda Silahlı Qüvvələrimiz tarixi bir missiya həyata keçirir və hərbi qulluqçularımız üzərlərinə qoyulan vəzifələri canları bahasına da olsa həyata keçirirlər. Eyni zamanda, hər birimizin bu cür vəziyyətdə riayət etməli olduğumuz vəzifələr var: İlk növbədə, Ermənistan təxribata başladığı andan ölkəmizin aidiyyəti qurumları tərəfindən fasiləsiz rəsmi məlumatlar yayılmağa başladı və bu müddət ərzində informasiyasız qaldığımız 1 saat belə olmadı. Bu səbəbdən də hər kəs yalnız rəsmi məlumatlara istinad etməli, əsassız məlumatlara inanmamalı, həmçinin bu cür məlumatların yayılmasından çəkinməlidir. Düşmənə vurulmuş zərəri Ermənistan etiraf etmədiyi halda, Azərbaycan Ordusunun sərrast vurduğu hədəflərin videomaterialları da çox qısa bir zamanda ictimaiyyətə təqdim edildi.

Müharibə həm də informasiya müharibəsidir, düşmənin informasiya müharibəsi zamanı əlavə olaraq dezinformasiyanı ötürməsi, olmamış hadisələri olmuş kimi qələmə verməsi, habelə köhnə və ya həqiqəti əks etdirməyən məlumatları yaymasına şərait yaradılmamalıdır. Milli Ordumuza aid olan məlumatları paylaşmamalı, hər birimiz təmkinli olmalı, veriləcək əmr və göstərişləri vaxtında icra etməyə hazır olmalı, pandemiya dövründə tələblərini nəzərə alaraq dövlət orqanlarının işlərini çətinləşdirən hallara yol verməməliyik. Düşmən yalnız müharibəni cəbhədə aparmır, bu müharibənin bir hissəsi həm də onların “əlaltıları” vasitəsilə həyata keçirilən təxribat siyasətidir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qüdrətli dövrünü yaşayır. Təkcə ölkə başçısının Birləşmiş Millətlər Təşkilatının növbədənkənar sessiyasının çağırılması təşəbbüsünə dünyanın 130-dan artıq ölkəsi qoşulub. İnkişafımız xarici siyasətlə yanaşı, eyni zamanda, ordu quruculuğu da daxil olmaqla bütün sahələrdədir, güclü ordumuz və güclü dövlətimiz var. Ordumuz bütün növ müasir silahlarla təmin edilib, tam şəkildə komplektləşdirilib, hazırda nəinki Cənubi Qafqazın, eyni zamanda, dünyanın ən güclü ordularından biridir.

Bu gün bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır, qəbul edir, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilə biləcəyini bildirir. Habelə Ermənistanın iyul ayının 12-dən başlayaraq törətdiyi təxribata münasibət bildirən bütün ölkələr Türkiyə, Pakistan və digər dövlətlər Ermənistanın Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini bu günə qədər icra etmədiyini, təxribat siyasətindən əl çəkmədiyini, Azərbaycanın öz ərazinin haqlı olaraq bütövlüyünü qoruduğunu bildirir, dəstək nümayiş etdirirlər.

Bu gün torpaqlarımızın müdafiəsi zamanı ordumuzun generalı, polkovniki və digər yüksək rütbəli zabitləri, öz tabeçiliyində olan hərbi qulluqçu ilə birlikdə qəhrəmancasına çiyin-çiyinə döyüşür, torpaqlarımızı müdafiə edir və şəhidlik mərtəbəsinə yüksəlirlər, onların qisasları düşməndən dərhal alınır və canları bahasına qoruduqları Vətənləri onlara minnətdardır.

Vətənimizin müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımıza bir daha Allahdan rəhmət, yaxınlarına səbir və yaralılarımıza şəfa diləyirik.