11 sentyabr 2019 16:17
121

AECOM: “Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılmasının “Şahdəniz”ə təsir etməməsi üçün müəyyən tədbirlər görüləcək

“Quyuların qazılması zamanı qaz kondensantının dağılması müşahidə edilə bilər və bu su sütununda qala bilər. Hansı ki, suyun səthində xüsusi parafinli yapışqan maye əmələ gətirəcək”. 

"Report" xəbər verir ki, bunu AECOM şirkətinin ətraf mühitin qorunması üzrə məsləhətçisi Anna Rous (Anna Rouse) “Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılması zamanı dənizin çirklənməsi ilə bağlı sualları cavablandırarkən deyib.

A.Rousun sözlərinə görə, bu səbəbdən kondensator modelləşdirilməsi aparılır: “Sözügedən vəziyyətin sahilyanı zonaya çatması, quşlara, digər canlı təbiətə müəyyən qədər təsiri olduğuna görə, kondensator sadələşdirilməsinin aparılması mütləqdir. Qaza gəldikdə isə qaz su səthi arasında hansısa qat yaratmır və bu da flora və faunaya təsir etmir”.

Şirkət rəsmisi “Şəfəq-Asiman” blokunda qazılacaq kəşfiyyat quyusunun yaxınlıqda yerləşən “Şahdəniz” yatağına təsirinin mümkünlüyünə də aydınlıq gətirib: “Şahdəniz” layihəsinə gəldikdə isə onu deyə bilərəm ki, o layihə çərçivəsində aparılan işlər sözügedən quyudan, təxminən, 50 km aralıdadır".

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi çərçivəsində proseslər davam edir, quyuların çoxu artıq qazılıb, hasilat gedir: "Kumulativ təsirlərin qiymətləndirilməsinə gəldikdə isə biz gələcəkdə müəyyən tədbirlərin görülməsini planlaşdırırıq. Burada sualtı əlavə boruların quraşdırılmasını nəzərdə tuturuq, təbii ki, söhbət “Şahdəniz-2” layihəsindən gedir. Nəzərə alsaq ki, bu məsafə 50 km-dir, orada quraşdırılacaq sualtı borularun uzunluğu isə, təxminən, 1 km-dir, kumulativ təsirdən, ümumiyyətlə, söhbət gedə bilməz. Bu layihənin Ekoloji idarəetmə planlarına gəldikdə isə xüsusilə neft almaları ilə bağlı cavab tədbiri planları hazırlanacaq. Operatorlar bu istiqamətdə artıq standart cavab formatı hazırlayıb və BP-də neft alma məsələlərində bu planlardan istifadə etməyi düşünür”.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.