21 may 2019 13:08
818

AFR DİN rəhbəri: “Biz başıbağlı qadını və kipalı kişini müdafiə etməliyik”

AFR Daxili İşlər Nazirliyinin bu günlərdə dərc edilmiş son məruzəsinə görə, ötən il Almaniyada ksenofobiya və antisemitizm zəminində törədilmiş cinayətlərin sayı 2017-ci ildəkinə nisbətən təqribən 20 faiz artıb. AZƏRTAC AFR-in daxili işlər naziri Horst Zeyehoferin mətbuat konfransının yekunlarına əsasən bildirir ki, Nazirliyin hesabatında 7.701 bu cür hadisə baş verməsi göstərilir. Belə cinayətlərdən 1799-u antisemitzmlə əlaqədar olub.

Nazir öz çıxışında göstərib ki, cinayətkarların təqribən 90 faizi sağçı ekstremist qruplaşmalara aiddir. Onun fikrincə, Almaniya nasistlərin törətdiyi cinayətlərə görə, o cümlədən Holokosta görə peşmandır və müharibədən sonrakı dövrdə AFR-də dözümlülük xətti əsas götürülüb. Buna baxmayaraq, Almaniya bütövlükdə Avropada ksenofobiyanın güclənməsi və yəhudilərə hücumların artması meyillərindən kənarda qala bilməyib.

Nazir təəssüflə etiraf edib ki, yəhudilərə nifrət və miqrantlara münasibətdə dözümsüzlüklə bağlı hadisələr bütün Avropa müşahidə olunur. Onun sözlərinə görə, ölkəyə miqrantların gəlişi ilə əlaqədar bu problemlər daha da kəskinləşib, çünki onlar antisemit stereotipləri fəallaşdırıblar. Beləliklə, nazirin sözlərinə görə, antisemitizmi “idxal edilmiş məhsul” hesab etməyə əsas yoxdur. Almaniyada antisemitizm olub və təəssüf ki, onun kökü kəsilməyib.

AZƏRTAC-ın xüsusi müxbiri Avropa İttifaqında və Azərbaycanda tolerantlığın səviyyəsinin qiymətləndirilməsində ikili standartlar barədə sual verib. Zeyehofer könülsüz halda cavab verib ki, onun ölkəsi başqa mədəniyyətlərə mənsub olan insanlara münasibətdə dözümsüzlük təzahürlərini azaltmağa çalışır. Nazir deyib: “Biz bütün azlıqlara münasibətdə tolerantlığa çağırırıq. Azad və dözümlü Avropada biz başıbağlı qadını təhqir və hücumlardan qorumağa borcluyuq, eyni zamanda kipalı kişini də müdafiə etməliyik”.