17 noyabr 2020 17:02
1017

Afrikanı qana bulayan ölkənin Qarabağla bağlı məkrli planı

Fransa “kiçik bacısı” sayılan Ermənistan üçün 27 ildir vasitəçilik missiyasına zidd davranışlarını davam etdirir. Bu dəfə qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı Ermənistanın belə atmadığı addım atmağa hazırlaşır: qondarma rejimin tanınması.

Diplomatik mənbələrin məlumatına görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Şübhə yoxdur ki, bu proses Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırılıb. Sentyabrın 27-də başlanan müharibə boyunca Fransa həmsədr missiyasına əməl etmədi, işğalçı ölkəni müdafiə etmək üçün əlindən gələni etdi. Azərbaycanın beynəlxalq hüququ icra etməsinin qarşısını ala bilməyən Fransa görünür, son addım kimi belə bir qondarma layihəyə əl atır.

Bu addımın Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü olduğunu sübut edən açıq məqamlar var: Paris həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. Digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər tam inzibati azadlığa malik deyil. Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir. Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etditi “İrəli Fransa” partiyası Şurada geniş şəkildə təmsil olunur.

Burada Paris meri Ann İdalqonun ermənilərdən çox ermənipərəst olması da diqqətdən yayınmır. Fransa kimi ölkənin paytaxt meri erməni lobbisinin tam nəzarətindədir. Araşdırmalar da Ann İdalqonun Fransadakı ermənilərlə sıx əlaqədə olduğunu təsdiqləyir.

Birinci fakt: Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan Fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. 28 yaşlı Anuş İdalqonun müavinləri arasında ən gəncidir və Fransada bu gənc erməninin karyera pillələrini maneəsiz, sürətlə çıxması şübhə ilə qarşılanır.

İkinci fakt: 2015-2018-ci illərdə mer Anna İdalqo Ermənistanın həmin dövrdə prezidenti olan Serj Sarkisyanla 4 dəfə görüşüb.

Üçüncü fakt: Ann İdalqo Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub.

Dördüncü fakt: Parisdə mer seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar.

Beşinci fakt: Ann İdalqo 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə iştirak edib (Fransua Makron da həmçinin). Hətta İdalqonun erməni sevgisi Fransada məsxərə mövzusu olub. Merin Fransada erməni kilsəsinin açılışında iştirakı da inanclı olmasından yox, dost bildiyi ermənilərə münasibətdən irəli gəlir.

Altıncı fakt: İdalqo qondarma “erməni soyqırımı”nın qızğın müdaifəçilərindəndir. Bununla bağlı davamlı tvitlər atır (https://twitter.com/Anne_Hidalgo/status/1121009708154880000 -

https://twitter.com/Anne_Hidalgo/status/1121009717072007170). Mer həmçinin, qondarma “erməni soyqırımı”nın “100 illiyi”ndə də nitq söyləyib. Qondarma “soyqırımı” ilə bağlı tədbirlərin də əsas iştirakçıları sırasındadır və maraqlıdır ki, onu bu tədbirlərdə ən gənc müavini Anuşun atası Ara Tonoyan müşaiyyət edir. İdalqo Yerevan şəhərinin yubileyində də iştirakçılar arasında idi.

Ermənipərəst mövqeyi ilə məşhur olan Paris merinin Fransa hökumətinin qondarma “dqr”lə bağlı istəyini sevə-sevə qəbul etməsi şübhəsizdir.

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa qurumu fəaliyyəti dövründə ermənipərəst mövqeyi ilə seçilib. Həmsədr mandatı daşıyan bu ölkə Ermənistana dəstək verib və bu dəstək hərətərəfli şəkildə davam edir. Sentyabrın 27-də Ermənistanın təxribatları nəticəsində başanan müharibə dövründə isə Fransa indiyə qədər pərdələdiyi ermənipərəst siyasətini açıq şəkildə nümayiş etdirdi.

Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi. Hətta Ermənistan hakimiyyətinin media üzərindən yaydığı feyk informasiyaları dilə gətirəcək qədər qeyri-ciddi siyasət xətti tutdu.

Fransa XİN də ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəkləyib: nazir Jan-İv Le Drian müharibə dövründə üç ermənipərəst mövqeyə əsaslanan üç bəyanatı var və hər birində beynəlxalq hüquqa, eləcə də Fransanın həmsədr missiyasına zidd fikirlər yer alır.

Fransanın Azərbaycana qarşı münasibəti açıq düşmənçilikdir. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib.

- Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb;
- Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib;
- Fransanın ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyi vədini verdiyinə dair məlumatlar var;


Bu dəstəklə yanaşı, Fransa diplomatları müharibə dövründə Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparırdılar. Bu fəaliyyət indi də davam etdirilir.

Makronun noyabrın 16-da Rusiya prezidenti Vladimir Putinə zəng etməsi də Fransa hakimiyyətinin və diplomatiyasının bu istiqamətdə fəaliyyətini fəal şəkildə davam etdirdiyini aydın göstərir. Makron öz məqsədinə nail olmaq üçün ardıcıl şəkildə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri ilə əlaqə saxlayırdı.

Ümumiyyətlə, E.Makron öz məqsədinə nail olmaq üçün ardıcıl şəkildə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri ilə əlqələr saxlayıb.

Sentyabrın 27-dən indiyə qədər Makron Prezident İlham Əliyevə 3 dəfə, Rusiya Prezidentinə 4 dəfə, Ermənistanın baş nazirinə 5 dəfə və daha çox zəng vurub. Fransa prezidenti bu zənglərini həmsədr dövlətinin rəhbəri qismində həyata keçirsə də, əsas məqsədinin işğalçı Ermənistanı müdafiə etmək olduğu məlumdur.

Lakin Fransanın bu cəhdləri baş tutmadı. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Və bununla Fransanın da subyektiv olduğu beynəlxalq hüququ icra etdi.

İndi Fransa hakimiyyəti Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanımasını həyata keçirmək istəyir. Burada məqsəd aydındır:

- Qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq;
- Məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq;


Lakin bu cəhdlərin heç biri nəticə verməyəcək. Bundan əvvəl də İtaliyanın bəzi şəhərləri tarixin arxivinə gömülmüş “DQR”-i tanıdı, lakin bunun heç bir praktiki nəticəsi olmadı və məsələ qısa zamanda unuduldu. Bunun da eyni nəticəsi olacaq.

Bu da onu göstərir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir. Yaranmış yeni reallıq 30 il ərzində mövcud olmuş status-kvonun qorunub saxlanması məqsədi güdən prosesin davam etdirilməsini istisna edir. Fransa bundan sonra da ATƏT MQ həmsədri kimi mandatına zidd fəaliyyətini davam etdirəcəyi təqdirdə, prosedurlara uyğun olaraq, Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması və digər ölkə ilə əvəz edilməsi məsələsini qaldıracaq.

Fransa hakimiyyətinin mövqeyi və cəhdləri onsuzda ölü qurum olan ATƏT MQ həmsədrlik institunun tam məhv edilməsinə istiqamətlənib. Və şübhəsiz ki, Fransanın hazırkı cəhdləri bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı yönəlib. Rəsmi Paris Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına paxıllıq edir və bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahatdır.

Bu gün Avropanın müxtəlif dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Çünki Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir.

Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır.

Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla sakini məhv edən də Fransadır. Özünü “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib.

Lakin qaçmaqla deyil, Afrikanın qanlı tarixi Fransanın da gerçək tarixidir və əli milyonlarla günahsıızın qanına batmış bu ölkənin humanizmdən, insan haqları və demokratiyadan danışması absurddur.

Asif Nərimanlı