06 fevral 2019 11:30
560

Ağ çörəkdən imtina etməliyik?

Son zamanlar karbohidratsız pəhrizlər dəbdədir, un məmulatlarından imtina etmək sağlam həyat tərzinə atılan addım kimi qiymətləndirilir. Bir çoxları sosial şəbəkələrdə un məmulatlarından imtina etdikdən sonra həyatlarının necə dəyişdiyini bildirirlər. Nəticələr inanılmazdır: dəri təravətlənir, çəki azalır, enerji artır və s. Doğurdanmı bunlar hamısı həqiqətə uyğundur?

Tam taxıl bitkisindən, çovdar, yulaf unundan və ya kəpəkdən hazırlanan çörəklərə sorğu yoxdur. Belə bir məhsul birmənalı olaraq orqanizm üçün xeyirlidir. Əgər insan qara çörək və suyu qidasından əskik etməsə ömrü uzun olar. Lakin ağ çörək isə tamamilə başqa məsələdir. XX əsrdə unun sənaye üsulu ilə istehsalına  başlanılıb və məhz elə bu səbəbdən una xas olan keyfiyyətin səviyyəsi aşağı düşüb. Buna görə də ağ çörəkdən imtina etmək məsləhət görülür. Səbəbini açıqlayırıq.

İlk olaraq onu bildirmək istəyirik ki, buğda vitaminlərlə zəngin bitkidir. Lakin bütün bu zəngin vitaminlər istehsal prosesi zamanı yox olur. Ağ un özündə cəmi 30% xeyirli maddələr saxlayır, lakin bu xeyirli maddələr iki həftədən sonra aktiv olmaqdan düşür. Bəs unun istifadəyə yararlı müddəti nə qədərdir? 12 ay. Ağ çörəkdə xüsusi dad yoxdur və məhz elə buna görə də çoxları üçün mükəmməldir. Ağ çörəklə yeyilən hansısa bir məhsulun və ya yeməyin dadı daha yaxşı hiss olunur. Lakin tam taxıldan hazırlanan çörək ilə yeyilən yeməyin dadı bir o qədər də xoşagələn olmur.

Müasir dövrdə buğda geniş sahələrdə yetişdirilir. Tez və daha çox əldə olunması  üçün onlara pestisit maddə səpilir, gəmirici həşəratlardan və göbələklərdən qorumaq üçün isə müxtəlif kimyəvi vasitələrdən istifadə olunur. Lakin ən əsası irəlidədir. Unun ağ olması üçün istehsalçılar paltar yumada ağardıcıdan istifadə olunan tərkibə malik  vasitədən istifadə edirlər: perekis benzoila, pirosulfat natrium və kalsium, dioksid xlor. Hər zaman çörəyin rafinə olunmuş və ya təbii undan hazırlandığını dəqiqləşdirmək lazımdır.

Əgər insan müxtəlif un məmulatlarından istifadə edirsə, bu onun dərisinə yansıyır. Dəridə yaranan səpkilər çörəkdə olan qlüten (suda şişərkən xəmirdə əlaqəli elastik kütlə əmələgətirmə qabiliyyətinə malik zülal maddələri kompleksi) reaksiyasının nəticəsidir. Qlüten demək olar ki, orqanizmdən xaric olunmur və bağırsağın divarlarına çökərək  divar xovlarını zədələyir. Zamanla bu xovların xeyirli maddələri mənimsəmək funksiyası pozulur. Məhz bu səbəbdən kosmetoloqa getməmişdən öncə qida rasionunuza diqqət yetirin.

Bundan başqa, qlüten bağırsaqda hüceyrələrin bütövlüyünü pozaraq orqanizmdə həzm sistemində bir sıra problemlərin yaranmasına səbəb olur. Tam taxıldan hazırlanan çörəkdə isə orqanizm üçün vacib element hesab olunan  sellüloza  (bitki hüceyrələrinin qabığını təşkil edən maddə) var. Əla un növündən hazırlanan məmulatlarda bu liflər demək olar ki, yoxdur. Gün ərzində 5 - 6 dilim tamtaxıldan hazırlanan çörək sizi gündəlik sellüloz norması ilə təmin edəcək. Əgər bu normanı meyvə və ya tərəvəzdən əldə etmək istəyirsinizsə, o zaman gün ərzində 14 alma və ya 21 kök, ya da 25 pomidor və ya 2,3 kiloqram xiyar yeməlisiniz.

Artıq hamıya məlum oldu ki, ağ çörəyin tərkibi orqanizmi cavan və təravətli saxlamağa imkan vermir. Buna görə də  un məmulatlarını sevənlər yaşlarından qoca görünürlər.

Çörək “narkotik” kimidir. Siz bir dilim un məmulatından hazırlanmış məhsulu yediyiniz zaman qanda şəkərin səviyyəsi sürətlə artır, lakin sonrasında həmin sürətlə aşağı enir. Bax, elə bu zaman siz özünüzü yorgun hiss edirsiniz və orqanizm gümrahlaşmaq üçün yenidən karbohidrat tələb edir. Şəkərin belə ani şəkildə qalxıb enməsi şəkər xəstəliyinin yaranmasına səbəb ola bilər. Məhz elə bu səbəb bir çoxlarına ağ undan imtina etmək üçün vasitə ola bilər. 70%-dən çox insan öz rasionunda ağ çörəkdən imtina etdiyi zaman ilk iki həftədə çəkisindən itirir. 100 qram unda cəmi 0,6 qram lif var, yerdə qalanların   hamısı yağ qatlarının əmələ gəlməsinə təsir edən maddələrdən ibarətdir.

Hər zaman diqqətli olun və aldığınız bütün məhsulların tərkibini oxumağa çalışın.

Könül Əliyeva, “İki sahil”