31 iyul 2020 14:20
154

Ağcabədinin Qaravəlli kəndinin 11 sakini koronavirusa yoluxub

İyulun 21-dən bu günədək Ağcabədi rayonunun Qaravəlli kəndində 11 sakin koronavirusa yoluxub. Virusa yoluxanlar üç ailənin üzvləridir. Həkimlər müalicəyə cəlb edilmiş həmin xəstələrin vəziyyətini qənaətbəxş qiymətləndirirlər.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kənddə xəstəliyin geniş yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir. Tibb işçiləri kənd sakinlərinin hərarətini yoxlayır, test nümunələri götürürlər. Xüsusən virusa yoluxan vətəndaşlarla kontaktda olmuş şəxslər tibbi nəzarətə alınaraq testdən keçirilib. Həmin şəxslərin temperaturu hər gün ölçülür, onların səhhətində baş verən dəyişikliklər həkimlər tərəfindən diqqətdə saxlanılır.

Qaravəlli kəndində vətəndaşlarla fərdi şəkildə maarifləndirmə tədbirləri həyata keçirilir. Sakinlərə təmaslar zamanı məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda “103” və ya “15-42” nömrəli “qaynar xətlər”ə zəng etmək ciddi tövsiyə olunur. Özlərinin və ətraflarındakı insanların sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyi bildirilir.

Yaranmış vəziyyətlə əlaqədar kənddəki kafe və restoranların fəaliyyəti dayandırılıb. Yalnız ərzaq mağazaları və apteklər fəaliyyət göstərir. Kənddə polis əməkdaşlarından ibarət mobil qrup da fəaliyyət göstərir. Polis əməkdaşları kənddə karantin qaydalarına əməl olunmasına nəzarət edirlər. Yaşayış məntəqəsində profilaktika məqsədilə kütləvi dezinfeksiya işləri aparılır. Kəndin əsas küçələri texnikalar vasitəsilə dərmanlanır, əhalinin intensiv hərəkətdə olduğu ərazilər dezinfeksiya edilir.