14 yanvar 2021 19:04
247

Ağdama yeni dəmir yolu çəkilir

Bərdə-Ağdam dəmir yolu xətti Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Bu yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğalı nəticəsində istifadəyə yararsız hala düşdü. Həmin vaxtdan sonra 30 ilə yaxın müddətdə qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyası olub.

44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra bu polad magistral da bərpa olunaraq, sərnişinlərin ixtiyarına veriləcək. Hazırda dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən tikilir. Dəmir yolu xəttinin layihələndirmə və tikinti işləri iki mərhələdə həyata keçiriləcək. İlkin layihə olaraq Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolu bərpa ediləcək. Layihəyə uyğun olaraq torpaq yatağının işlənməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi nəzərdə tutulub.

Bərdə-Ağdam mənzili üzrə 117 süni qurğu, o cümlədən 103 ədəd dəmir-beton boru, 4 heyvan keçidi, 2 böyük yolötürücü qurğu və 2 körpünün tikilməsi planlaşdırılıb. Torpaq yatağının işlənməsi ilə bərabər, hazırda bu qurğuların layihələndirilməsi işləri də aparılır.