22 avqust 2019 11:50
661

Ağdamda məcburi köçkünlər tezliklə təbii qazdan istifadə edəcək

Ağdam rayonunun Qaradağlı kəndi ərazisində kompakt şəkildə məskunlaşmış məcburi köçkünlərin evlərinə tezliklə təbii qaz veriləcək.

Qaz çəkilişində iş icraçısı Vilayət Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ərazinin qazlaşdırılması işləri başa çatmaq üzrədir. Layihə üzrə 4100 paqonmetr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib. Hazırda sağyaclaşma və qaz xətlərinin rənglənməsi işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra ərazidəki 48 evə “mavi yanacaq” veriləcək.

Məcburi köçkünlərin məskunlaşdıqları ərazinin qazlaşdırılması sakinlərin sevincinə səbəb olub. Laçın rayonundan məcburi köçkün Xalid Məhəmmədov deyib: “1992-ci ildə Laçın rayonu işğal olunandan burada məskunlaşmışıq. Bizim əsas çətinliyimiz yanacaq sarıdan idi. Ötən dövrdə odun və digər vasitələrdən istifadə edirdik. Bu gün isə bizim də yaşadığımız ərazi qazlaşdırılır. Tezliklə bu çətinliyimiz də aradan qalxacaq. Əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".