07 avqust 2019 15:04
82

Ağdamda şəhid Zakir Tağıyevin xatirəsi anılıb

Ağdam rayon Qaradağlı kənd mədəniyyət evində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Zakir Tağıyevin xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Zakir Tağıyevin ailə üzvlərinin və döyüş yoldaşlarının, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin və Qaradağlı kənd kitabxanasının işçilərinin, məktəblilərin iştirak etdiyi tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Mərasimdə Qaradağlı kənd mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva, kitabxananın müdiri İradə Qasımova, kənd sakini İdris Quliyev, Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, tarix müəllimi Fəxrəddin Məmmədov, şəhidin bacısı Gülzəndə Tağıyeva, döyüş yoldaşı Məhəmmədəli Məmmədov və başqaları çıxış edərək, Zakir Tağıyevin mənalı həyat və döyüş yolundan danışıblar. Məlumat verilib ki, Tağıyev Zakir Sərxan oğlu 1957-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra texniki peşə məktəbində qaynaqçı ixtisasına yiyələnib. Keçmiş sovet ordusunda hərbi xidmətini başa vurub və 1982-ci ildə Vətənə qayıdaraq ailə həyatı qurub. 1988-ci ildə ermənilərin torpaqlarımıza hərbi təcavüzü başlayanda Zakir Tağıyev könüllü olaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdamda yaradılan özünümüdafiə batalyonunun tərkibində bir çox döyüşlərdə iştirak edib. İki dəfə yaralansa da, yenidən döyüşlərə qatılıb. Xocalı soyqırımı zamanı xocalılıların çıxarılmasında yaxından iştirak edib. 1993-cü il avqustun 7-də Kəngərli və Çəlik kəndləri uğrunda gedən döyüşdə şəhid olub.

Şəhidin oğlu Hafiz Tağıyev tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Tədbirdə məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.