23 iyul 2020 10:12
2390

Ağdamı unudanın gözlərinə ağ damar...

23 iyul Ağdamın işğalı günüdür

Ağdam... Birinci Qarabağ savaşının ən ağır və üzücü yükünu daşımış, ərazisinin yetmiş yeddi faizi işğal edilmiş Vətən torpağı... 1993 -cü ilin qızmar yay günlərində Ağdamı tərk edəndə heç kim inana bilməzdi ki, bu şəhərə, Şuşaya, Xankəndinə hələ bu günlərə kimi ayağı dəyməyəcək... Dünyanın düz vaxtlarında Qarabağın bəxtəvər şəhəri adını almış Ağdam şəhərinin mərkəzində İkitərəfli yolun arasında bir-birindən gözəl gül-çiçəkliklər salınmışdı. Bir vaxtlar Ağdamın tən ortasındakı hind-Çin üslubunda tikilmış “Çay evi” ni yaşlı nəslin nümayəndələrinin çoxu xatırlayır. Dünyada ikinci hesab edilən Ağdam Çörək Muzeyi, Ətyeməzli körpüsü, Muğam musiqi məktəbi...

Ötən əsrin 50-70-ci illərində artıq Ağdam kənd təsərrüfatı rayonundan regionun yüngül sənaye və mədəniyyət mərkəzinə çevrilmişdi. İkinci Dünya müharibəsində həlak olmuş ağdamlılara qoyulmuş möhtəşəm abidə yenicə ailə həyatı quranların ziyarət yerinə çevrilmişdi. Ağdamda insanlar cəsarətli, zəhmətsevər, evcanlı idilər. Hamı tikirdi, qururdu, yaradırdı...

Sovet dövründə Ağdamda yaradılmış kurort zonaları, istirahət və əyləncə mərkəzləri insanların marağını cəlb etməklə, müalicəvi xarakterinə görə şöhrət tapmışdı. Ağdam rayonunda yerləşən məşhur “Gülablı istirahət- müalicə mərkəzi”, məktəblilərin yay tətilində dincəlməsini təmin edən pioner düşərgələri rayonun iqtisadi inkişafında xüsusi önəm daşıyırdı.

Ermənistan Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından Azərbaycana qapşı başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

12 avqust 1992-ci ildə Ağdam şəhəri keçmiş Əsgəran rayonunun Xanabad və Naxçivanik kəndləri istiqamətindən güclü raket və top atəşinə tutulmuş, nəticədə raketlərdən biri Çörək Muzeyinə düşmüşdü. Məhz bu mərmi muzeyin varlığına birdəfəlik son qoydu. Güclü yanğın nəticəsində muzeydə olan 1500-dək eksponat yanaraq məhv olmuşdu...

1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücüm əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başladı. Artıq rayon mərkəzindəki bir çox obyektlər atılan mərmilərdən yanaraq xarabazarlığa çevrilmişdi.

İşğalçı qüvvələrin 1993-cü ilin may ayının 11-dən etibarən qızışan hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ərazisi 1094 kvadratkilometr olan Ağdamın 882 kvadratkilometri, bir şəhər və onlarca kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 80 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq soydaşımız şəhid oldu. Ağdamdan olan məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirdi. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəydi.

Bu gün Ağdamın 185 mindən artıq əhalisinin 145 minə yaxını məcburi köçkün həyatı yaşayır. Hazırda rayonda yaşayan 90 min nəfər əhalinin 37 mini yerli, 53 mini məcburi köçkündür. Ölkədə məcburi köçkünlər üçün tikilmiş 82 qəsəbənin 18-i məhz Ağdamda inşa olunub.

Məkrli düşmənin bu bölgəni daim gərginlikdə saxlamağa çalışması bəllidir. Hələ tarixdən düşmən bilir ki, bu ərazilər strateji baxımdan çox mühüm əhəmiyyət daşıyır. Amma onları narahat edən odur ki, əhali bu yerlərdən bir addım belə geri qoymur. “İnsanı öldürmək olar, amma onu məhv etmək olmaz.” Bu fikir amerikalı yazıçı və jurnalist Heminqueyə aiddir. Həqiqətən belədir. Altı min ağdamlının şəhid olması, minlərlə qarabağlının vəhşicəsinə öldürülməsi, bir milyondan artıq azərbaycanlının doğma yurd-yuvalarından didərgin düşməsi, hələ nə Ağdamın, nə də Qarabağın itirilməsi demək deyildir. İşğal müvəqqətidir. Bu gün Soltanbud təpəsinə bayraq sancan ağdamlı, qarabağlı, azərbaycanlı oğlanlar sabah onu Üzərlik təpəyə, Sarıtəpəyə, Fərrux dağına, gözəl Şuşamıza və onlarla digər işğal altında olan yaşayış məntəqələrinə sancacaqlar.

Hər bir azərbaycanlı, hər bir ağdamlı əmindir ki, onun müqəddəs ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidləri, musiqi səslərinə möhtac qalmış bərli-bərəkətli torpaqları, ata-babalarımızın uyuduqları məzarıstanlıqlar tezliklə azad ediləcək. O gün uzaqda deyil...   

N.Muğanlı, “İki sahil”