06 fevral 2019 11:44
278

Ağdaşlı gənclərlə görüş FOTO

Ağdaş rayonunda rayon gənclərinin nümayəndələri ilə görüş keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının iclas zalında keçirilən görüşdə partiyanın rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov ölkədə həyata keçirilən gənclər siyasətindən bəhs edib, eyni zamanda son illər ərzində ölkədə yerli və beynəlxalq əhəmiyyətli layihələrin, tədbir və idman yarışlarının keçirilməsi haqqında məlumat verib. C.Osmanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğının hər zaman yüksək səviyyədə olduğunu və bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu  qeyd edib.

Cavid Osmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə daxili vəziyyətin sabit olduğunu, bu gün Azərbaycanın dünya miqyasında ən sabit ölkələrdən birinə çevrildiyini və bu daxili sabitliyin qorunmasının hər bir ölkə vətəndaşının, o cümlədən gənclərin əsas vəzifəsi olduğunu bildirib. Milli Məclisin deputatı Azərbaycanın müstəqil dövlət kimi mövcud olması və davamlı inkişaf mərhələsi keçməsindən ciddi narahatlıq keçirən bəzi dairələrin olmasını görüş iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, həmin qüvvələr bu gün də Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa, ölkənin nüfuzuna xələl gətirməyə çalışırlar: “Lakin həmin qüvvələr unudurlar ki, Azərbaycan artıq 90-cı illərin zəif Azərbaycanı deyil. Əgər kimsə Azərbaycana, onun dövlətçiliyinə qarşı çıxarsa qarşısında xalq-iqtidar birliyini görəcək.”

Görüşdə gənclərdən Azad Gözəlov, Tural Səfərov, Yunis Nəcəfov, Turanə Şıxəliyeva, Vüsal Davudov, Dilarə Manafova, Anar Şahmuradov və Sevindik Abduxalıqov çıxış edərək  bu ilin fevral ayının 1-də Bakı şəhərində keçirilən respublika gənclərinin toplantısındakı iştiraklarından danışıblar və tədbirlə bağlı xoş təəssüratlarını  görüş iştirakçıları ilə bölüşüblər.

Sonda Ağdaş rayonunun ictimai-siyasi həyatında və Yeni Azərbaycan Partiyası rayon təşkilatındakı fəaliyyətinə görə bir qrup gənc Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanı ilə təltif olunub.

Orxan Vahidoğlu, “İki sahil”