29 may 2020 23:38
1069

Ağstafa sakinlərinə ŞAD XƏBƏR!

Ağstafa rayonunda su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılmasına başlanılıb

Ağstafa rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası həyata keçirilir.

"İki sahil" xəbər verir ki, Sərəncama əsasən, əhalisi 23334 nəfər olan 9 yaşayış məntəqəsində - Aşağı Göycəli,  Göycəli, Dağ Kəsəmən, Qarahəsənli,  Xılxına,  Kolxəlfəli, Muğanlı, Pirili, Tatlı kəndlərində  əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusu qazılacaq.

Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən qazılması nəzərdə tutulan subartezian quyularından bir ədədinin Dağ Kəsəmən kəndində qazılmasına başlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ağstafa rayonunun 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb.