29 iyul 2020 14:30
331

AHİK Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yardım edib

İyulun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin deputatı, qurumun sədri Səttar Möhbalıyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşüb. AHİK sədri görüş iştirakçılarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

AHİK-in mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, görüşdə S.Möhbalıyev dövlətimizin Qarabağ müharibəsi iştirakçılarına, şəhid olmuş insanların ailə üzvlərinə, əlillərə, eləcə də aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həssas qrupa aid olan insanların sosial problemlərini daim diqqətdə saxladıqlarını və bu sahəyə xüsusi diqqət göstərdiklərinmi diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə aparılan genişmiqyaslı islahatlar dövlətimizin vətəndaşlara olan diqqət və qayğısını təcəssüm etdirərək, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Bildirib ki, koronavirus pandemiyası dövründə dövlətimiz tərəfindən aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artırılıb və bu proses bundan sonra da davam etdiriləcək.

Sonra AHİK sədri görüşdə iştirak edən insanların müraciətlərini dinləyib, hər birinin problemləri ilə tanış olub. Qarşılaşdıqları problemlərin həllində onlara imkan daxilində müəyyən kömək göstəriləcəyini bildirib. Görüşdə iştirak edənlər Səttar Möhbalıyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdən sonra görüş iştirakçılarının hər birinə maddi yardımlar göstərilib.