13 noyabr 2019 11:00
909

Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir

Azərbaycanda mədəniyyətin tanınmasına və inkişafına xüsusi əhəmiyyət verilir. Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti mədəniyyətin təşviqinə xüsusi diqqət göstərirlər. Azərbaycan ilə UNESKO arasında da çox yaxşı əlaqələr qurulub. UNESKO vacib təşkilatdır və onun əhəmiyyəti getdikcə daha da artır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının prezidenti, Türkiyənin UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Ahmet Altay Cengizer bildirib.

Qeyd edib ki, Bakı UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına möhtəşəm ev sahibliyi edib.

“UNESKO-nun Baş Konfransının 40-cı sessiyasına prezident seçildim. Qurumu inkişaf etdirməyə və təhlükələrdən qorumağa çalışacağam. Təhlükə deyəndə, daxili anlaşılmamazlıqlar və bəzi məsələlərə laqeydlikləri nəzərdə tuturam.

Mövcud vəziyyət göstərir ki, UNESKO-ya ehtiyac daha çox olacaq. Bu baxımdan qurumun daha da səmərəli olması üçün səylərimi əsirgəməyəcəm.

Azərbaycan çox güclü mədəniyyəti olan ölkədir. Qeyd etdiyim kimi Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti mədəniyyətin təşviqinə xüsusi münasibət bəsləyirlər.

Azərbaycan UNESKO-nun Baş Konfransının 40-cı sessiyasına vitse-prezident seçilib. Ümid edirəm ki, birlikdə bir çox layihələr reallaşdıracağıq.

Türkiyə, eləcə də qardaş Azərbaycandan dəstək gözləyirəm”,-deyə Ahmet Altay Cengizer vurğulayıb.