18 oktyabr 2019 18:23
901

Akademik Akif Əlizadə medalla təltif olunub

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Rusiya Elmlər Akademiyasının (REA) A.A.Borisyak adına Paleontologiya İnstitutunun direktoru, akademik Aleksey Lopatin, Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru, professor Vadim Kosyanov və həmin ali təhsil müəssisəsinin prorektoru, professor Vaqif Kərimovla görüş keçirilib.

AMEA-dan bildirilib ki, görüşdə akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə elmə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda martın 27-si “Elm günü” kimi təsis edilib və cari ildə ilk dəfə olaraq bu istiqamətdə silsilə tədbirlər keçirilib. Akademik, həmçinin dünya elminə inteqrasiya və xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan Azərbaycan alimlərinin II qurultayının keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

AMEA-da geologiya, paleontologiya, stratiqrafiya, geoekologiya, geopaleontologiya istiqamətlərində aparılan mühüm tədqiqatlardan, əldə edilən nailiyyətlərdən danışan akademik ənənəvi Azərbaycan-Rusiya ekspedisiyası yaradılmasına ehtiyac olduğunu deyib. Bundan əlavə, birgə tədqiqatlara gənc alimlərin cəlb edilməsinin, bu istiqamətdə gənc kadrların yetişdirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə çıxış edən akademik A.Lopatin əvvəlcə Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini ifadə edib, daha sonra rəhbəri olduğu müəssisə barədə məlumat verib. Qeyd edib ki, Paleontologiya İnstitutu Rusiyada bu istiqamətdə ixtisaslaşmış ən önəmli elmi-tədqiqat mərkəzlərindən biridir və müəssisənin müasir laboratoriyalarında fosil orqanizmlərin sistematikası və filogeniyası, ekosistemlərin və biosferin formalaşması və inkişafı, bioloji müxtəliflik, morfologiya, paleoekologiya, bakterial paleontologiya sahələrində fundamental tədqiqatlar aparılır.

O, həmçinin institut əməkdaşlarının səyləri nəticəsində dünyanın ən böyük və məşhur paleontoloji muzeylərindən biri olan Paleontoloji Muzeyin yaradıldığını diqqətə çatdırıb.

Bu gün iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu deyən A.Lopatin azərbaycanlı alimlərlə birgə tədqiqat aparmağın önəminə toxunub. O, xüsusilə Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi ərazisində azərbaycanlı paleontoloqlarla birgə araşdırmalara maraqlı olduqlarını söyləyib.

A.Lopatin daha sonra paleontologiyanın inkişafına verdiyi töhfələrə görə, akademik Akif Əlizadəyə “A.A.Borisyak medalı”nı və diplomunu təqdim edib.

Sonra professor Vadim Kosyanov çıxış edərək azərbaycanlı həmkarları ilə birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi aparılmasının vacibliyini vurğulayıb, Rusiya Geoloji Ensiklopediyası çoxcildliyini akademik Akif Əlizadəyə hədiyyə edib.

Görüşdə, həmçinin professor Vaqif Kərimov hələ Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar “Dağ-mədən” jurnalının xüsusi buraxılış hazırladığını xatırladıb. Bildirib ki, jurnalın “Azərbaycanın dayanıqlı və dinamik inkişafının 25-ci ildönümü”, “Azərbaycanın təbii sərvətləri”, “Azərbaycanın dağ-mədən sənaye kompleksi”, “Mədəniyyət-incəsənət potensialı” və s. bölmələrində müxtəlif məqalələr yer alıb.