19 yanvar 2021 16:00
501

Ali Baş Komandanın diqqət və qayğısı ilə Şuşanın əvvəlki şöhrəti bərpa ediləcək

“Yanvarın 14-də Prezident İlham Əliyevin Qarabağın tacı, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa şəhərinə səfəri böyük tarixi əhəmiyyət daşıyır. Bu, Azərbaycan Prezidentinin 2021-ci ildə regionlara ilk səfəri idi. Bu baxımdan Şuşanın işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin ən böyük hərbi-siyasi hadisəsi idisə, cari ildə ilk ölkədaxili səfərin Şuşaya edilməsi də özlüyündə rəmzi əhəmiyyət daşıyır.”

Bu fikri YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva “İki sahil”ə açıqlamasında bildirdi.

M.Ağayeva qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin Şuşaya səfərinin daha bir tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu müqəddəs ünvana qalib, 44 günlük müharibənin Müzəffər Ali Baş Komandanı kimi gəlmişdi: “Belə ki, müharibədən cəmi iki aydan bir qədər çox vaxt keçsə də, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərimizdə böyük quruculuq işlərinə start verib. Prezident İlham Əliyev sözügedən səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm bir layihədir. Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər. Şuşaya çəkilən yol geniş və yüksək keyfiyyətli olacaq. İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası çox vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı isə Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək.”

M.Ağayeva vurğuladı ki, Şuşa şəhəri işğala qədər müasir Azərbaycan mədəniyyətinin, ədəbiyyatının əvəzolunmaz mərkəzi olub: “Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Dövlət başçımız bu büstlərin qarşısında qısa, lakin tarixi çıxışı zamanı bir daha ermənilərin insanlığa yaraşmayan hərəkətlərini, mənfur niyyətlərini ifşa etdi. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri düşmənin bərbad vəziyyətə saldığı Şuşanın bərpasıdır. Şuşanı xalqımıza qaytaran Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə Qarabağın tacı yenidən qurulacaq və milli mədəniyyətimizin ünvanı kimi əvvəlki şöhrəti bərpa ediləcək.”

Cavid Əkbərov, “İki sahil”