26 noyabr 2020 21:27
1259

Alış-veriş həvəskarlarının günü - “Black Friday”

Hər il noyabr ayının son cümə günü dünyada “Black Friday” adı ilə mağazalarda böyük endirimli satışlar təşkil olunur. Alış-veriş həvəskarları səhər tezdən dükanlara və ticarət mərkəzlərinə axışırlar. ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur “Black Friday”, yəni “Qara Cümə” 1930-cu illərdən bəri Milad bayramı öncəsi alış-veriş mövsümünün başlanğıcı sayılır. İlin ən unudulmaz və parlaq cümə günü hesab edilən “Qara Cümə” rəsmi olaraq bayram deyil. Lakin bu gün qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Məhz bu gündən başlayaraq Qərb ölkələrində ənənəvi Yeni il endirimləri başlayır. Bəs bu “Qara Cümə” nə deməkdir?

Dünyadakı şopoqolikləri həyəcanlandıracaq bu ənənə barədə maraqlı məlumatlar vardır. İlk öncə onu qeyd edək ki, endirimli ticarət ənənəsi ilk dəfə Amerikada XIX əsrdə yaranıb. İri ticarət şəbəkələri Yeni il öncəsi böyük endirimlər edir, alıcıları stimullaşdırır və bonuslar, hədiyyələrlə mükafatlandırırdılar. Bu ideyanın banisi də 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o, irəli sürüb. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına “Hər şey 5 sent” yazısını qoyur. O gündən də “böyük endirimlər” ənənəsinin əsası qoyulur. Uğur qazandıqdan sonra Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurur. 1951-ci ildə isə "Factory Management and Maintenance" jurnalı maraqlı tendensiya qeydə aldı. Şükran Günündən sonra işçilər sağlamlıqlarına görə icazə alır, əslində isə özlərinə 4 günlük istirahət ayırırdılar. Bunun səbəbi də dükanları gəzib endirimlərdən faydalanmaq idi.

Amma məhz "Qara Cümə" termini ilk dəfə 1966-cı ildə Filadelfiyada ortaya çıxdı. Bu terminin yaranması ilə bağlı iki versiya var. Birinci versiyaya əsasən, Şükran Gününün ertəsi yollarda böyük tıxaclar yaranıb. Dükanlara axın zamanı əzilənlər olub. Bu səbəbdən bu gün “Qara Cümə” adlandırılıb. İzdihamlara görə ölənlərin olduğu da deyilir. Məhz eyni gün Filadelfiya polisi qeyri-adi tıxaclara və izdihama görə bu günü "Black Friday" adlandırıb.

İkinci versiya mühasibatlıqla əlaqəlidir. Bu gün mühasibat hesabatları təqdim edilib. Şirkətin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilib. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstün olub. Başqa bir iddia isə “Black Friday” günü dükanların qapılarını gün çıxmamış açmalarıdır.

Artıq “Qara Cümə” epidemiyası Bütün dünyada, habelə, Türkiyədə də geniş yayılıb. Bu ənənə Azərbaycana da gəlib. Amma bir az başqa formatda. Paytaxtın bəzi mağazaları həmin gün üçün endirimlər edir, ancaq bu, kütləvi xarakter daşımır. Endirimlər adətən simvolik xarakter daşıyır - cəmi 10 faiz. Mağaza sahibləri böyük endirimlərə imkan verə bilmir, bunu əksər malların yeni olması, köhnə malların yoxluğu ilə əlaqələndirirlər.

Ümumiyyətlə, iqtisadçıların fikrincə, “Black Friday”nin bir çox ölkələrin iqtisadiyyatında böyük hərəkətverici rolu var. Belə ki, keçən il ABŞ-da “Qara Cümə” günü 165 milyard dollarlıq alış-veriş olmuşdu. Bu kampaniyaya adətən bütün biznes və pərakəndə satış mərkəzləri qoşulur. Böyük dükanlar həmin günə daha yaxşı hazırlaşır və təkliflər irəli sürürlər. Əsasən elektron ticarət mallarının satışına üstünlük verilir. Ciddi endirimlər edilir. Ona görə il ərzində məhz bu günü gözləyən müştərilərin sayı durmadan artır. Bəs niyə görə bu aksiya ilin sonunda keçirilir? Çünki yeni ildən yeni mallar gəlir, yeni mövsüm yeni trendlər dəbə düşür, ona görə anbarlara yığılmış mallardan xilas olurlar. “Qara Cümə”yə hazırlaşan mağaza sahibləri özləri də bu malları anbarlara endirimli qiymətlərlə gətirdiklərinə görə, satış onlara sərf edir. Belə mağazalar həmin gün məhz dövriyyədən qazanırlar. Yəni dövriyyə o qədər böyük olur ki, satışdan gəlir 1 faiz olsa belə, bu onlar üçün kifayət qədər yaxşı nəticə sayılır. Bir sözlə, onlar həm anbarda yığılan mallarını satırlar, həm də külli dövriyyədən yaxşı qazanc əldə edirlər. Burada, həmçinin istehlakçıların hüquqlarının qorunmasına çox üstünlük verilir. Ödəniləcək ziyan varsa əlində çekinlə o malı dünyanın istənilən ölkəsindəki brend mağazasında dəyişdirə və ya geri qaytara bilərsən. Məsələn, sən İstanbulda X brendinə məxsus mağazadan aldığın malı həmin brendin Kiyevdəki mağazasına qaytara bilirsən. Amerikada hətta mağaza sahibləri dəymiş ziyanın 2, hətta 3 qatını ödəməyə razı olurlar.

 

Sevinc Azadi, “İki sahil”