23 sentyabr 2019 15:44
633

Almaniya dəmir yollarında təhlükəsizliyə dair tələblər sərtləşdirilir

Kütləvi informasiya vasitələrində çoxsaylı xəbərdarlıqlara baxmayaraq dəmir yollarında gəzmək və müəyyən olunmamış yerlərdə yolları keçmək Avropada ciddi problem kimi qalmaqdadır. Bu sözlər, ilk növbədə, qatara çatmaq və ya yolu qısaltmaq üçün tələsən adamlara aiddir. Onlar həm özlərini, həm də lokomotivləri təhlükəyə məruz qoyur, nəticədə qatar sürücüləri faciənin qarşısını almaq məqsədilə bəzən təcili tormozlama məcburiyyəti qarşısında qalırlar. Ekstrim və adrenalin həvəskarları da bəzən belə “gəzintilər” etməyə xoşlayırlar.

AZƏRTAC xəbər verir ki, Almaniya dəmir yol infrastrukturu idarəsi bu günlərdə dəmir yollarında təhlükəsizlik xidmətinə və ölkə polisinə müraciət edərək bu cür qayda pozucularına qarşı ciddi tədbirlər görülməsini xahiş edib.

İdarədə AZƏRTAC-ın müxbirinə bildiriblər ki, bu gündən oktyabrın 6-na qədər polis və dəmir yollarında təhlükəsizlik xidməti belə məsuliyyətsiz vətəndaşların çox rast gəldiyi yerlərdə yoxlamalar aparacaqlar. Bədbəxt hadisələrin statistikası göstərir ki, insanlar dəmiryol keçidlərində svetoforların və şlaqbaumların vacibliyini lazımınca qiymətləndirmirlər. Təkcə bu il ərzində ölkədə 33 bədbəxt hadisə baş verib, onlardan 6-sı ölümlə nəticələnib. Daha sonra bildirilib ki, bu cür qanun pozuntularına görə 80 avrodan 500 avroya cərimə, bəzi hallarda isə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.