21 yanvar 2021 17:00
1056

Almaniya saytı 20 Yanvar hadisələrindən yazıb

Almaniyanın “nex24.news” portalında soydaşımız Qurban Məmmədovun müəllifliyi ilə “1990-cı il 20 Yanvar - Azərbaycanda günəşin çıxmadığı gün” sərlövhəli məqalə dərc olunub.

"İki sahil" xəbər verir ki, məqalədə Azərbaycan xalqının tarixinə Qara Yanvar faciəsi kimi daxil olan 20 Yanvar hadisələrindən 31 ilin ötdüyü qeyd olunur. Bildirilir ki, keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı törətdiyi amansız terror aktı sivilizasiya tarixinin qara səhifəsi və insanlıq əleyhinə törədilmiş ən qəddar cinayətlərdən biri kimi həmişə xatırlanacaq.

Bildirilir ki, həmin gün SSRİ rəhbərliyinin əmrinə əsasən, ağır silahlarla təchiz olunmuş sovet ordusunun 26 min nəfərlik kontingenti Azərbaycana qarşı ərazi iddialarına etiraz edən və azadlıq ideyaları ilə küçələrə çıxmış xalqı cəzalandırmaq üçün paytaxt Bakıya hücum edib. Nəticədə 140-dan çox insan həlak olub, 700-dən artıq şəxs yaralanıb.