14 yanvar 2020 16:16
503

Almaniyada aksiya keçirilib

Bir qrup türk Almaniyanın Gelzenkirxen şəhərində etiraz aksiyası keçirib. Buna səbəb Türkiyə vətəndaşı Mehmet Bulğunun Almaniya polisinin açdığı atəş nəticəsində ölməsidir. 

Bu barədə mərkəzi ofisi Vuppertal şəhərində yerləşən “Türkiyə sevdalıları” İctimai Birliyindən məlumat verilib. 

Aksiya iştirakçıları M.Bulğunu qətlə yetirən polis əməkdaşının cəzalandırılmasını tələb edərək “Polis şiddətinə yox!” şüarı səsləndiriblər. 

Gelzenkirxen Şəhər Polis İdarəsinin qarşısında keçirilən aksiya, təxminən, bir saat davam edib. Aksiyaya bu şəhərdə yaşayan azərbaycanlılar da qatılıblar.

“Türkiyə sevdalıları” İctimai Birliyinin sədri Murat Günəş bildirib ki, son yeddi ildə 8 türk polis tərəfindən öldürülüb: “Tələbimiz Mehmet Bulğunu öldürən polisin işdən çıxarılaraq cəzalandırılmasıdır”.

Qeyd edək ki, yanvarın 13-də Gelzenkirxen şəhərində Türkiyə vətəndaşı, 38 yaşlı Mehmet Bulğu polisin xidməti silahından atəş açması nəticəsində ölüb. Polis idarəsindən bildirilib ki, Türkiyə vətəndaşı əlindəki dəyənəklə qurumun qarşısında dayanan avtomobillərin şüşələrini sındırıb. Polisin əmrinə tabe olmayan Mehmet Bulğuya polis əməkdaşı tərəfindən dörd dəfə atəş açılıb. Faktla bağlı Almaniya Federal Daxili İşlər Nazirliyinin Təhqiqat Bürosu araşdırmaları davam etdirir.

“Report"