09 fevral 2020 20:41
638

Almaniyalı və yunanıstanlı müşahidəçilər: Seçkilər demokratik keçirilib

“Hər şey gözlədiyimiz kimi oldu. Seçki məntəqələrində həddən artıq seçici və müşahidəçi var idi. Bu, xüsusi diqqətimi çəkdi”.

Bunu bu gün növbədənkənar parlament seçkiləri ilə bağlı mətbuat konfransında Almaniyanın Bavariya bölgəsi parlamentinin deputatı Uli Henkel deyib.

“Hər şey gözlədiyimiz kimi oldu. Seçkilər şəffaf və demokratik keçirilib”, - deyə U. Henkel vurğulayıb.

Bavariya Parlamentinin digər nümayəndəsi Ulrix Singer həmkarı ilə razı olduğunu qeyd edib: “Hər şey qaydalara uyğun keçirildi. Seçki məntəqələrində bütün suallarımıza cavab aldıq. Heç kim bizə problem yaratmadı. Bu bizim üçün əhəmiyyətli idi”.

Yunanıstan Parlamentinin deputatı Lazaros Tsavdaridis bildirib ki, bu gün 4 məntəqədə olublar və heç bir qayda pozuntusu aşkarlanmayıb: “İşlərimizi icra edə bildik. Seçicilər, müşahidəçilər, siyasi partiyaların nümayəndələri və könüllülərlə söhbətləşdik. Qənaətim budur ki, seçkilər yüksək səviyyədə və demokratik keçirilib. Sevinirəm ki, seçkilər Azərbaycanda yüksək səviyyədə keçirilir. Parlamentə seçiləcək yeni üzvlərə uğurlar arzu edirəm”.

Yunanıstan Parlamentinin digər deputatı Katerina Monogiou də qeyd edib ki, parlament seçkiləri demokratik keçirilib. //APA