04 fevral 2019 15:57
179

AMEA-nın əməkdaşlarına 63 hektar torpaq sahəsi ayrılıb

AMEA-nın Rəyasət Heyəti aparatının işlər idarəsi və Azad Həmkarlar İttifaqının birgə iclası keçirilib.

AMEA-dan bildirilib ki, iclasda işlər idarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək Rəyasət Heyətinin iclasında təsdiqlənmiş "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənədin icrası barədə məlumat verib. O, sənədin akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkil edilməsi məqsədilə qəbul olunduğunu, bununla əlaqədar AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsinin ayrıldığını bildirib.

S.Əliyev qeyd edib ki, sənədə əsasən xüsusi komissiya yaradılıb, ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılıb. Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə hər biri 10 sot olmaqla 343 sahə ayrılıb.

İdarə rəsmisi torpaq sahəsinin iki il müddətinə verilməsinin nəzərdə tutulduğunu, səmərəli istifadə ediləcəyi təqdirdə müqavilənin uzadılacağını diqqətə çatdırıb. O, yaxın günlərdə ərazidə yolların çəkilməsi prosesinə başlanılacağını, sahələrdə ekoloji tələblərə riayət olunacağını deyib.