20 fevral 2019 21:06
798

AMEA-nın magistraturasının müsahibə mərhələsi ləğv edildi

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsinin ləğv olunması ilə bağlı DİM-ə müraciət edilib.

Müraciətdə ötən dörd il ərzində keçirilmiş müsahibələr və onların nəticələri, müsahibə komissiyasının qiymətləndirməsi ilə bakalavrların DİM tərəfindən keçirilən imtahanlarda topladıqları balların uyğunluğu və nəticədə, AMEA-nın magistraturasına yüksək bal toplayanların qəbul olunduğu vurğulanıb.

Hesab edilir ki, artıq AMEA-nın magistraturasının məqsəd və vəzifələri, onun yüksək reytinqi və tədris prosesinin ciddiliyi barədə universitet tələbələri və ictimaiyyət kifayət qədər məlumatlıdır və iddiaçıların təsadüfi seçimləri istisna olunur.

Bu təklif nəzərə alınaraq AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər digər bakalavrlar kimi ümumi qaydada magistraturaya qəbul imtahanının hər iki mərhələsində iştirak edərək, müsabiqə şərtlərini ödədikləri halda ixtisaslaşma seçimi edəcəklər.