07 fevral 2019 16:05
348

Amerikalı tədqiqatçılar 77 il sonra tapdılar

Amerikalı tədqiqatçılar qrupu pilotsuz sualtı qayığın köməyi ilə 1942-ci ildə Solomon adaları yaxınlığında ABŞ Hərbi Dəniz Donanması ilə ağır dəniz döyüşündən sonra batırılan Yaponiya İmperator Donanmasına məxsus “Hiey” kreyserini aşkarlayıblar. Kreyser dənizin 1000 metr dərinliyində tapılıb.

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, axtarış komandası “Microsoft” korporasiyasının banilərindən biri mərhum Pol Allen tərəfindən hazırlanıb və maliyyələşib. 38 min ton su tutumuna və 222 metr uzunluğa malik “Hiey” kreyseri 1914-cü ildə inşa olunub. O, 1941-ci ildə II Dünya müharibəsinin Sakit Okean kampaniyasının başlamasına səbəb olan ABŞ Hərbi Dəniz Qüvvələrinin “Pearl Harbor” bazasına hücumda iştirak edib.

1942-ci ilin noyabr ayında “Hiey” analoji “Kirisima” kreyseri və 11 esmineslə birgə Quadalkanal adası yaxınlığında ABŞ eskadrası ilə ağır döyüşə girib. Yaponiya donanması düşməni böyük itkilərə məruz qoysa da, “Hiey” kreyseri ciddi zədələr alıb. Noyabrın 14-də isə müdafiəsiz gəmi bombardmançı təyyarələrin torpeda zərbəsinə tuş gəlib. Nəticədə sağ qalan komanda heyəti onu müşayiət edən esminesə keçib, kreyser isə ABŞ-ın əlinə keçməsin deyə batırılıb.

Qeyd edək ki, bu, Yaponiyanın II Dünya müharibəsində itirdiyi ilk linkor olub.