30 iyul 2020 19:10
388

 “Amerikansayağı demokratiya”: İrqi ayrı-seçkilik zəminində cinayətlər adi hal alıb

“ABŞ-da dövlətin vətəndaşlara qarşı ədalətli, hüququn prinsiplərinə əsaslanan münasibətinin deyil, əksinə, zorakılıq və güc tətbiq etməkdən çəkinməyən, necə deyərlər, “əsl demokratik” yanaşmasının şahidi olduq”

 

İyulun 28-də ABŞ-ın nüfuzlu “New York Times” qəzetində Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ilə bağlı tənqidi məqalə dərc olunub. Məqaləyə əsasən, Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə etmiş, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparmışdır. Məqalədə həmin insidentin videogörüntüləri də yer alır. Polis saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı dəlillər təqdim etməmişdir. Məsələ ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olmuşdur.

“Maraqlıdır ki, hər zaman demokratiya, insan haqlarının qoruyucusu kimi özünü simvollaşdıran və bu yolla dünyanı manipulyasiya edən bir dövlət bu gün irqi ayrı-seçkilik zəminində cinayətlərin törədilməsinə mane ola bilmir.  Digər tərəfdən isə öz ölkəsində demokratiyanı bərqərar edə bilməyən, insan hüquqlarını təmin edə bilməyən, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilməyən Amerika başqalarına demokratiya, insan hüquqları, hüquqi dövlət haqqında mühazirələr söyləyir, yol göstərir. Bir sözlə, “demokratiya” dərsi keçir”.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat açıqlamasında qeyd edib ki,  Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi. Dəfələrlə olduğu kimi, yenə də ABŞ-da dövlətin vətəndaşlara qarşı ədalətli, hüququn prinsiplərinə əsaslanan münasibətinin deyil, əksinə, zorakılıq və güc tətbiq etməkdən çəkinməyən, necə deyərlər, “əsl demokratik” yanaşmasının şahidi olduq. Təəssüf ki, dünyanın sözdə humanizm, insan haqları, demokratiya, söz azadlığı paylayan dövlətləri, beynəlxalq təşkilatlar sanki bunların heç birini görmür, insanların haqq-ədalət axtarışına biganə münasibət göstərirlər. Bütün bunlar göstərir ki, ABŞ başda olmaqla Qərbin aparıcı dövlətləri ikili standartlar siyasəti həyata keçirirlər.

Eyni zamanda deputat bildirib ki, Azərbaycanda hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-dakı anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir: “Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. Halbuki ABŞ-ın öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Polis zorakılığının isə həddi-hüdudu olmur, bu pozuntular hətta sıravi dinc vətəndaşların ölümünə qədər gedə bilir. Əslində hamı çox gözəl bilir ki, Amerikada sadə xalqa qarşı bu irqçi münasibət hər zaman olub. Buna baxmayaraq, ABŞ rəsmiləri  öz gözlərindəki tiri görmür, başqalarının gözündə tük axtarırlar. ABŞ-ın bəzi dairələrinin ölkəmizdə polisin qanuni hərəkətlərini pisləməsi, amma özlərində ciddi qanun pozuntularına cidd-cəhdlə haqq qazandırmaları ölkəmiz haqqında mənfi fikirlərin formalaşmasına yönəlmişdir. Əlbəttə, bura da Amerikadakı ermənipərəst və üçüncü ölkələrin də Azərbaycana qarşı çirkin kampaniyasının izləri görünür. Ona görə də Azərbaycana qarşı  ədalətsiz münasibəti qətiyyətlə pisləyirik.

Deputat qeyd edib ki, son zamanlarda baş verən hadisələri dərindən təhlil etdikdə görürük ki, ABŞ və onun kimi digər böyük dövlətlərin başqalarına münasibətdə nümayiş etdirdikləri ikili standartların, qeyri-adekvat münasibətlərin əsl səbəbi onların özündə həmin problemlərin mövcud olmasıdır. Necə deyərlər, daxildə problem yaranmasının qarşısını almaq üçün problemi öz sərhədlərindən süni şəkildə uzaqlaşdırırlar: “Fikrimi ümumiləşdirmək üçün deməliyəm ki, hazırkı vəziyyətdə ABŞ-ın başqa dövlətlərə demokratiya, söz azadlığı, insan hüquq və azadlıqlarından mühazirə oxuyub, yol göstərməsi onun “Amerikansayağı demokratiya”sının tragikomik nümayişindən başqa bir şey deyil.

Azərbaycanı heç bir kənar qüvvə, heç bir təzyiq tutduğu demokratiya, haqq-ədalət yolundan döndərə bilməz”.